İyulun 16-dan “Azərbaycan Kredit Bankı” Əmanətlərin Sığortalanması Fondunun (ADIF) üzvlüyündən çıxarılıb. Bu barədə fonddan məlumat verilib.
“Azərbaycan Kredit Bankı” fəaliyyət üçün lisenziyasının ləğv edilməsi ilə əlaqədar iyulun 16-dan etibarən ADIF-in üzvlüyündən çıxarılıb”, – deyə fondun məlumatında qeyd edilir.
Beləliklə, ADIF-in reyestrinə daxil edilmiş bankların sayı 43 təşkil edir.
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqətinə çatdırır ki, 24 fevral 2015-ci il tarixindən etibarən qorunan əmanətlərin illik faiz dərəcəsinin maksimal həddi 12 %-dir.
Bu faizdən yuxarı faiz dərəcəsi ilə yerləşdirilən əmanətlər qorunmur və bu əmanətlərə görə kompensasiya ödənilmir.
Məlumat üçün bildiririk ki,Əmanətlərin Sığortalanması Fonduna üzv olan bir və ya bir neçə bankda sığorta hadisəsi baş verdiyi zaman Fond tərəfindən qorunan əmanətlərə görə əmanətçiyə hər bir sığorta hadisəsi üçün 30 000 manat məbləğində kompensasiya ödənilir.







