Mayın sonunda “Gucci” brendinin ABŞ-dakı bəzi mağazaları ödənişləri kriptovalyutada qəbul etməyə başlayacaq, Banker.az bu barədə “Vogue Business”a istinadən xəbər verir.
Nəşrin məlumatına görə, kriptovalyuta ilə brendin Los-Anceles, Nyu-York, Atlanta və Las-Veqasdakı butiklərində ödəniş etmək mümkün olacaq. Ödənişlər alıcıya elektron poçtla göndərilən keçid vasitəsilə həyata keçiriləcək – onun üzərindən alışı etməyə imkan verən QR-kod tapmaq mümkün olacaq.
Şirkət nümayəndələrinin sözlərinə görə, “Gucci” 10-dan çox kriptovalyutanı dəstəkləyəcək: Bitcoin, Bitcoin Cash, Ethereum, Wrapped Bitcoin, Litecoin, Shiba Inu, Dogecoin və digərləri.
Vogue Business-in qeyd etdiyi kimi, moda evi bu yay Şimali Amerikadakı bütün mağazalarında kriptovalyuta ilə alış-veriş etmək imkanını genişləndirməyi planlaşdırır. “Gucci müştərilərimizə daha zəngin brend təcrübəsi təqdim edə biləcək yeni texnologiyaların tətbiqinə sadiqdir”, – “Gucci”nin prezidenti və baş icraçı direktoru Marko Bizzarri söyləyib.
Bundan əvvəl London, Paris və Milanda yerləşən Off-White brend mağazaları da kriptovalyuta ödənişlərini qəbul etməyə başlayıb. Müştərilər Bitcoin, Binance Coin, Ethereum, Ripple və Tether (USDT) və USD Coin (USDC) stabilkoinlərində alışlar üçün ödəniş edə bilərlər.