Gilan Holdinqlə eyni ünvanda qeydiyyatda olan “GP Cotton Holdings” MMC-nin nizamnamə kapitalı artırılıb, baş icraçı direktoru dəyişib.
Banker.az xəbər verir ki, holdinqin nizamnamə kapitalı 132 653 399 manat, yaxud 44% artırılmaqla 433 060 000 manata çatdırılıb.
2017-ci ildə yaradılan “GP Cotton Holdings” MMC-yə bundan sonra Eldar Cəfərov Hüseyn oğlu rəhbərlik edəcək. Eldar Cəfərov bundan öncə “AFB Bank”, “Gilan Agriculture”, “Bank Technique” və “Kred Agro” BOKT-da rəhbər vəzifələrdə çalışıb.
Buna qədər isə şirkətin rəhbəri Rövşən Həsənov Həsən oğlu idi. R.Həsənov həmçinin hazırda ölkənin iri şirkəti – 15 rayonda pambıq yetişdirilməsi, tədarükü və daha sonra səhm nəzarət paketinə malik olduğu pambıqtəmizləmə müəssisələrinə sahib olan “MKT İstehsalat Kommersiya” MMC-nin İdarə Heyətinin sədridir.
2022-ci ilin martında olan məlumata görə, “Renessans CO LTD” MMC və “Tahir 91” MMC “GP Cotton Holdings”ə birləşdiklərini elan ediblər.
“GP Cotton Holdings” MMC Gilan Holdinqin qeydiyyatda olduğu ünvanda “Capital Towers”də, yaxud Bakı şəhəri Yasamal rayonu, Nəriman Nərimanov pr., ev 206, məhəllə 466-da qeydiyyatdadır.