2 C
Baku
Saturday, December 14, 2024

Bakı-Quba-Rusiya yolunda tikinti-bərpa işləri gedir

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti-bərpa işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən 2022-ci ilin iş planına daxil edilib və hazırda icrası təmin olunur. Cəmiyyətdə isə tikinti-bərpa işlərinin başlanılması ilə bağlı müxtəlif əsassız fikirlər səsləndirilir.

AAYDA-dan  verilən məlumata görə, Rusiya Federasiyası ilə dövlət sərhədi istiqamətində yeni avtomagistral inşa edilir. Ödənişli olması nəzərdə tutulan avtomagistraldan hər-hansı bir səbəbdən istifadə etmək istəməyən vətəndaşlarımıza ədalətli və bərabər imkanlara sahib alternativ seçim təmin etmək üçün mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu bərpa edilir. Qeyd edək ki, hər iki yolda tikinti işlərinin cari ilin sonuna qədər yekunlaşdırılması planlaşdırılır.

Hazırda mövcud Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunda tikinti-bərpa işləri magistral yolun 88-ci km-dən başlayaraq Bakı şəhəri istiqamətində 66 km-lik hissədə aparılır.

Aparılan işlər zamanı yolun hərəkət hissəsinin deformasiyaya uğramış və dağılmış hissələri, yararsız monolit-beton, həmçinin yol əsasının yararsız qruntu qazılaraq çıxarılır. Daha sonra yararlı qrunt tökülərək yenidən kipləşdiriləcək, qırmadaş layı döşənərək yeni yol əsasının tikintisi aparılacaq. Bu işlər yekunlaşdıqdan sonra yola yeni asfalt-beton örtüyü döşənəcək.

Təmir-bərpa işləri ilə sözügedən yolboyu avtonəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətinə maneə yaradan problemlər tam olaraq aradan qaldırılacaq.

Avtomobil yolunda hərəkət intensivliyi nəzərə alınaraq işlər hissə-hissə aparılır. İşlərin aparıldığı ərazidə avtonəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılıb. Təmir-bərpa işləri aparılan müddət ərzində əks istiqamət üzrə avtonəqliyyat vasitələrinin iki tərəfli hərəkəti təmin edilib.

Əks istiqamət üzrə iki tərəfli hərəkətin təhlükəsiz və maneəsiz təmin olunması üçün ərazidə əlavə təhlükəsizlik tədbirləri görülüb, müvafiq nişanlanma xətlərinin çəkilişi və müvəqqəti yol nişanlarının quraşdırılması işləri aparılıb.

Son xəbərlər
Digər xəbərlər