11 C
Baku
Monday, November 25, 2024

Azərbaycanda Maliyyə İdarəsinin rəisi işdən çıxarıldı

Buna səbəb rəisin işindəki nöqsanların üzə çıxması olub.

Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin rəisi işdən çıxarılıb. Bu barədə məlumat Maliyyə Nazirliyinin saytında yer alıb. Rəisin işdən çıxarılmasına səbəb işində yol verdiyi nöqsanlar olub.

Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən 2015-ci ilin birinci yarısında aparılmış maliyyə nəzarəti tədbirlərinin nəticələri barədə məlumat yayıb.

2015-ci ilin birinci yarısında Azərbaycan Respublikası Təhsil Nazirliyinin Aparatının saxlanılmasına, habelə Nazirliyin Əsaslı Tikinti və Təchizat İdarəsinə, Azərbaycan Texnologiya Universitetinə, 3 rayon üzrə təhsil şöbəsinə və 1 internata, Səhiyyə Nazirliyinin Qax Mərkəzi Rayon Xəstəxanasına, Gənclər və İdman Nazirliyinin Qobustan Rayon Gənclər və İdman İdarəsinə dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətində “Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri üzrə ikinci Layihə”nin 2011-2014-cü illərdə icrası vəziyyəti, habelə dövlət büdcəsinin Ağstafa rayonu üzrə yerli gəlir və xərclərinin tərtibi və icrası üzrə Maliyyə Nazirliyinin Ağstafa Rayonu üzrə Maliyyə İdarəsinin işləri yoxlanılıb.

Məlumata görə, aşkar edilmiş nöqsanların xeyli hissəsi nəzarət tədbirlərinin gedişində aradan qaldırılıb. Artıq və əsassız ödənişlərin əsas hissəsinin (3099,43 min manat) təqsirkar şəxslər tərəfindən büdcəyə bərpa edilməsi təmin edilmiş, rayon təhsil şöbələri üzrə faktiki olaraq fəaliyyət göstərməyən bir ümumtəhsil məktəbində tədrisin aparılması dayandırılıb. Qanunvericiliyin tələblərinin pozulması ilə ümumtəhsil məktəblərində yaradılmış 23 sinif komplekti və məktəbdənkənar müəssisələrdə fəaliyyəti olmayan 113 dərnək və qrup, normadan artıq saxlanılıb.

39,5 ştat vahidi ləğv edilib. İşlə təmin olunduğu müəyyən edilmiş 78 nəfər məcburi köçkünə orta aylıq əməkhaqqının və 110 fənn kabinəsinə rəhbərliyə görə əlavə haqqın ödənilməsi dayandırılıb, orta aylıq əməkhaqqı aldıqları və faktiki olaraq işləmədikləri halda aylıq əməkhaqqı üzrə ödəniş dərəcələri artırılıb 176 nəfər pedaqoji işçinin dərəcələri əvvəlki səviyyəyə qaytarılıb.

Bundan başqa yenidən psixoloji-tibbi-pedoqoji komissiyadan keçirilməsi nəticəsində evdə təhsilə cəlb edilmiş şagirdlərin sayı 214 nəfər azaldılmış, normativ sənədlərin tələblərinə uyğun olmayan əsassız ödənişlərin davam etdirilməsi dayandırılıb.

Azərbaycan Texnologiya Universitetində və Ağcabədi Rayon İcra Hakimiyyəti başçısının Hacıbədəlli Kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyində aşkar olunmuş nöqsanların ciddiliyi nəzərə alınaraq həmin nəzarət obyektləri üzrə yoxlama materialları hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

Qeyd olunanlarla bərabər, nəzarət tədbirləri nəticəsində büdcə təşkilatlarında maliyyə qaydalarının pozulmasına yol vermiş vəzifəli şəxslər barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 204-1-ci maddəsinə əsasən inzibati tənbeh tədbiri qismində cərimələr tətbiq edilib, ümumilikdə 428 nəfər vəzifəli şəxs 263,8 min manat məbləğində cərimə edilib və həmin cərimə məbləğlərinin dövlət büdcəsinə ödənilməsi təmin edilib.

Bununla yanaşı, əvvəlki dövrlərdə Dövlət Maliyyə Nəzarəti Xidməti tərəfindən büdcə təşkilatlarında aparılmış yoxlamalarla aşkar olunmuş artıq və əsassız ödənişlərin 21,85 min manatının dövlət büdcəsinə bərpası təmin edilib.

Göstərilənlərdən əlavə, Baş Prokurorluğunun məktubları ilə Maliyyə Nazirliyinə göndərilmiş qərarlarda və həmin məktublarda göstərilən sahə və suallar Dövlət Maliyyə Nəzarəti Xidmətinin mütəxəssisləri tərəfindən yoxlanılb və cəmi 450,21 min manat məbləğində mənimsəmə halları aşkar olunaraq yoxlama materialları müvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Baş Prokurorluğuna göndərilib.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər