Hesablamalr göstərir ki, Azərbaycan bu benzini orta ölçüdə 83 sent/litrə idxal edir
Azərbaycanda neft emalı zavodunun müvəqqəti fəaliyyətinin dayandırılmasından sonra Aİ-92 markalı benzinin idxal həcmi kəskin artıb.
Banker.az rəsmi göstəricilərə istinadla xəbər verir ki, 2022-ci ilin fevral və mart ayları ərzində 50 443 ton, yaxud 63.05 mln. litr həcmində Aİ-92 oktanlı benzin idxal olunub.
Buna görə ölkədən 52.39 mln. ABŞ dolları həcmində valyuta xaricə axıb.
İdxal olunan aşağı oktanlı benzinin 7 430 tonu (7.04 mln. dolları) Türmənistandan və 43 012 tonu (45.35 mln. dolları) Rusiyadandır.
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda təmir işləri aparılacaq və Aİ-92 benzinin istehsalı kəskin azalacağına görə fevralda idxala başlanıldı.
Öncəki illərdə bu təcrübə yaşanıb. Qazaxıstan və Rusiyandan 92 oktanlı benzin idxal edilirdi. NZE tam gücü ilə fəaliyyətə başladıqdan sonra yalnız 95 və 9 markalı benzinlər idxal edilirdi.
Azərbaycanda pərakəndə satışı Tarif Şurası tərəfindən tənzimlənir və hər litri üçün 2021-ci ilin əvvəlindən 1 manat təşkil edir. Ona qədər isə 90 qəpik təşkil edirdi. İdxala başlanıldığı üçün Nazirlər Kabineti Azərbaycana idxal edilən Aİ-92 avtomobil benzinini gömrük rüsumundan azad edib. Bu benzin növünün hər min litri üçün gömrük rüsumu 15 faizdən sıfır faizə, aksiz vergi dərəcəsi bir ton üçün 200 manatdan 1 manata endirilib. Bu güzəştlər fevralın 1-dən tətbiq olunacaq və bu ilin iyunun 1-dək qüvvədə qalacaq.
Ölkənin idxal göstəricilərində isə benzinin hər tonu üzrə orta ölçüdə dəyəri $1 039 (rəsmi məzənnə ilə: 1 766 manat) təşkil edib. Nəzərə alsaq ki, bir ton benzin 1 250 litr ölçüdədir – bu o deməkdir ki, ölkəyə idxal edilmiş benzinin hər litrinin dəyəri 0.83 ABŞ dolları, yaxud 1.41 manat təşkil edir.
Bazar qiymətləri ilə tənzimlənən 95 oktanlı “Premium” benzinin idxal əcmi isə 23 229 ton, yaxud 22.32 mln. dollar təşkil edib. Bu öncəki ildə 4 836 ton, yaxud 4.03 mln. dollar idi.