9 C
Baku
Friday, November 15, 2024

Vergilər nazirindən işçilərinə – TAPŞIRIQ

“Sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələr yolverilməzdir”.

Vergilər naziri Fazil Məmmədov Azərbaycan prezidenti İlham Əliyevin iyulun 13-də keçirilmiş Nazirlər Kabinetinin iclasında vergi orqanları barəsində iradından sonra kollegiya iclası keçirib.

Bu barədə Oxu.Az-a nazirlikdən bildirilib.

Nazir çıxışında sahibkarların fəaliyyətinə süni maneələrin və qanunsuz müdaxilələrin yolverilməzliyini vurğulayıb:

“Vətəndaşlardan daxil olan ərizə və şikayətlərin daha diqqətlə araşdırılması, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlərin görülməsi vacibdir”-deyə, nazir qeyd edib.

F.Məmmədov bildirib ki, vergi xidməti orqanı əməkdaşları öhdəsinə düşən vəzifələrin icrası zamanı daha məsuliyyətli olmalı, dövlətimizin vergi siyasətini uğurla həyata keçirməlidirlər.

Yekunda Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 13 iyul tarixli iclasındakı çıxışı zamanı vergi orqanlarına verilmiş tapşırıqlar 2015-ci ilin ikinci yarımilliyi və qarşıda duran dövrlər üçün Fəaliyyət Planı kimi qəbul olunub, eləcə də vergi inzibatçılığının optimallaşdırılması məqsədilə işçi qrupunun yaradılması barədə qərar verilib.

Qeyd edək ki, Nazirlər Kabinetinin iyulun 13-də keçirilmiş iclasında prezidenti İlham Əliyev bir sıra hallarda sahibkarlara qarşı qanunsuz tələblərin irəli sürüldüyünü bildirmişdi:

“Tam qaydada, şəffaf şəkildə bizdə vergi vermək mədəniyyəti əfsuslar olsun ki formalaşmayıb. Dövlət qurumları vergiləri vaxtında verir, amma özəl qurumlar vermir.

Mənə məlumatlar gəlir ki, son vaxtlar Vergilər Nazirliyi özünü sərt aparır, tələbkardır. Burada iki məsələni ayırmalıyıq. Vergilər nazirliyi çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər.

Dövlət qurumlarına da göstəriş verirəm ki, əsassız tələb irəli sürməməlidirlər. Belə hallar var. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır. əgər hesab edirlər ki, bunu heç kim bilmir – səhv edirlər. Bu məsələ çox ciddi məsələdir. Və mənə məlumatlar gəlir ki, bəzi yerlərdə bu kütləvi hal alıb. Mən bu gün bütün aidiyyəti qurumlara tapşırıq verirəm. Belə hallar dərhal yığışdırılmalıdır”-deyə, İ.Əliyev qeyd etmişdi.

Son xəbərlər
Digər xəbərlər