Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 22-də Brüsseldə keçiriləcək görüşdə sülh sazişi üzrə danışıqlara başlamaq üçün təklif edilən məqamları müzakirə edəcəklər.
Bu barədə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, Brüssel görüşünün gündəliyində münasibətlərin tənzimlənməsi, sülh danışıqlarının başlanması üçün Ermənistan və Azərbaycan tərəfinin təklif etdiyi bəndlər, əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin taleyinə aydınlıq gətirilməsi, regional kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası və təhlükəsizliyi üzrə ikitərəfli komissiyanın işə başlaması kimi məsələlər yer alacaq.
Qeyd edək ki, mayın 22-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcək. Sonuncu dəfə üçtərəfli formatda danışıqlar aprelin 6-da baş tutub.