13 C
Baku
Friday, November 15, 2024

Vergilər Nazirliyinin strukturunda müəyyən dəyişikliklər edilib

Bakı Vergilər Departamentinin bəzi vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi işdən çıxarılıb.

Vergilər Nazirliyinin aparatının, Vergilər Nazirliyinin yanında Bakı Vergilər Departamentinin, Vergilər Nazirliyinin Ərazi Vergilər Departamentləri və İdarələrinin strukturunda müəyyən dəyişikliklər edilib.

Nazirlikdən verilən məlumata görə, 2 saylı Ərazi Vergilər Departamenti, 3, 4, 5 və 9 saylı Ərazi Vergilər İdarələrinin rəhbərləri rotasiya qaydasında dəyişdirilib, Bakı Vergilər Departamentinin bəzi rəhbər vəzifəli şəxsləri və 6 saylı Ərazi Vergilər İdarəsinin rəisi tutduqları vəzifələrdən azad edilərək sərəncama göndərilib.

Qeyd edək ki, dəyişiklik Vergilər Nazirliyində Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarımilliyinin yekunları və qarşıda duran vəzifələrlə bağlı Vergilər Nazirliyinin struktur bölmələrinin fəaliyyətinin və vergi nəzarətinin təkmilləşdirilməsi, mövcud kadr potensialının imkanlarından daha səmərəli istifadə olunması məqsədilə aparılıb.

Vergilər Nazirliyinin strukturunda müəyyən dəyişikliklərlə bağlı vergilər naziri, 1-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov əmr imzalayıb.

Bundan başqa, Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında verilmiş tapşırıqlar üzrə Vergilər Nazirliyinin qarşısında duran vəzifələrin icrası ilə bağlı təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, vergilər nazirinin müavinlərinin iştirakı ilə Ərazi Vergilər Departamentləri və İdarələrində, eləcə də Bakı şəhərində yerləşən müvafiq struktur bölmələrində keçirilmiş görüşlərdə dövlət başçısı tərəfindən verilmiş göstərişlərin icra vəziyyəti müzakirə edilib, sahibkarlıq subyektlərinin fəaliyyətinə qanunsuz müdaxilələrin yolverilməzliyinin, vətəndaş müraciətlərinin mövcud qanunvericiliyinin tələblərinə uyğun olaraq hərtərəfli araşdırılmasının, vergi orqanı əməkdaşlarının etik-davranış məsələlərinin xüsusi diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb, fəaliyyətində nöqsanlara yol vermiş vergi xidməti orqanı əməkdaşları barədə ciddi tədbirlər görüləcəyi bir daha vergi orqanı əməkdaşlarının nəzərinə çatdırılıb.

APA

Son xəbərlər
Digər xəbərlər