İqtisadiyyat Nazirliyi yanında İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) rəhbəri Yusif Abdullayev və Koreya İdxalçıları Assosiasiyasının (KOIMA) sədri Kim Ben-Kvan (Kim Byung-Kwan) arasında keçirilən onlayn görüşdə Koreya idxalçılarının Azərbaycana ticarət missiyasının təşkili, Azərbaycan ixracatçıları və Koreya idxalçıları arasında praktiki tədbirlərin keçirilməsi məsələləri müzakirə olunub.
Bu barədə AZPROMO-dan bildirilib.
AZPROMO-nun rəhbəri ölkəmizdə ixrac imkanlarının artırılması, “Made in Azerbaijan” brendinin təşviqi, biznes mühitinin davamlı olaraq yaxşılaşdırılması istiqamətində görülən işlər, Azərbaycan-Koreya iqtisadi əlaqələri barədə danışıb.
Görüşdə həmçinin AZPROMO-nun Koreyanın biznes və ticarət təşkilatları, o cümlədən Koreya Beynəlxalq Ticarət Assosiasiyası (KITA), Koreya Ticarət və İnvestisiyaların Təşviqi Agentliyi (KOTRA) ilə əməkdaşlığı, qarşılıqlı biznes əlaqələrinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.