Honq-Konqun simvollarından olan “Jumbo Floating” restoranı iyunun 18-də Cənubi Çin dənizində başqa bir bölgəyə köçürülərkən əlverişsiz hava şəraiti səbəbindən batıb.
Banker.az xəbər verir ki, restoranın aid olduğu “Aberdeen Restaurant Enterprises Ltd.” tərəfindən verilən açıqlamada belə deyilir:
“Restoran 14 iyunda baxım üçün daha az xərc tələb edən əraziyə daşınıb və iyunun 18-də Parasel adaları olaraq da bilinən Xişa adalarından keçərkən əlverişsiz hava şəraiti ilə qarşılaşıb. Üzən restoranın içinə su dolub, beləliklə, restoran yan tərəfə doğru batmağa başlayıb. Sözügedən qəzada ölən və ya yaralanan yoxdur. Hadisə yerindəki suyun dərinliyi min metrdən çox olduğu üçün xilasetmə işlərini həyata keçirmək həddindən artıq çətindir”.
Açıqlamada bildirilib ki, restoranın yerini dəyişməzdən əvvəl bu proses dəniz mühəndisləri tərəfindən ətraflı şəkildə təhlil olunub.
Qeyd edək ki, Kanton mətbəxindən yeməklər təklif edən təxminən 80 metr uzunluğundakı “Jumbo Floating Restaurant” 40 ildən artıqdır ki, Honq-Konqda xidmət göstərir.
Britaniya Kraliçası II Yelizaveta və Tom Kruz kimi məşhurlar onun müştəriləri idi. Restoran 2020-ci ildə COVID-19 epidemiyasına görə bağlanmışdı və bütün işçilərin işinə son verilmişdi.