6 C
Baku
Sunday, December 15, 2024

2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsi I oxunuşda qəbul edilib

Milli Məclisin növbədənkənar sessiyasının bu gün keçirilən növbəti plenar iclasında “Azərbaycanın 2022-ci il dövlət büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.

Layihəni parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili təqdim edib.

Onun sözlərinə görə, 2022-ci il üzrə yenidən baxılmış dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəriciyə (26 816 milyon manat) nisbətən 2381,8 milyon manat və ya 8,9 faiz çoxdur. 2022-ci ilə yenidən baxılmış dövlət büdcəsinin gəlirlərinin 53,2 faizi və ya 15537,5 milyon manatı neft sektorunun, 46,8 faizi və ya 13660,3 milyon manatı qeyri-neft sektorunun payına düşür. 2022-ci ilin təsdiq olunmuş göstəriciləri ilə müqayisədə neft sektoru üzrə gəlirlər 847,5 milyon manat və ya 5,8 faiz, qeyri-neft sektoru üzrə isə 1534,3 milyon manat və ya 12,6 faiz artırılır. Bütövlükdə dövlət büdcəsi gəlirlərinin tərkibində qeyri-neft gəlirlərinin xüsusi çəkisi təsdiq olunmuş göstəriciyə nisbətən 1,6 faiz-bənd artaraq 46,8 faiz təşkil edəcək.

Yenidən baxılma ilə 2022-ci il dövlət büdcəsi xərclərinin 32303,8 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da təsdiq olunmuş göstəriciyə (29 879 milyon manat) nisbətən 2424,8 milyon manat və ya 8,1 faiz, 2021-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 4881,4 milyon manat və ya 17,8 faiz çoxdur.

2022-ci il yenidən baxılmış dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclərə ümumi xərclərin 62,7 faizi həcmində və ya 20246,5 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 195,6 milyon manat və ya 1,0 faiz, 2021-ci ilin icra göstəricisinə nisbətən 3658,1 milyon manat və ya 22,1 faiz çox), əsaslı xərclərə ümumi xərclərin 31,8 faizi həcmində və ya 10265,3 milyon manat (təsdiq olunmuş göstəriciyə nisbətən 2229,2 milyon manat və ya 27,7 faiz çox), dövlət borcuna xidmətlə bağlı xərclərə ümumi xərclərin 5,5 faizi həcmində və ya 1792,0 milyon manat (təsdiq olunmuş göstərici səviyyəsində) vəsait yönəldiləcək.

Yenidən baxılacaq dövlət büdcəsinin tərkibində əsaslı xərclərin xüsusi çəkisi 4,9 faiz- bənd artacaq, cari xərclərin xüsusi çəkisi 4,4 faiz-bənd, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi isə 0,5 faiz-bənd azalacaq.

Büdcə qaydası üzrə müəyyən edilmiş hədlər və inflyasiya amili nəzərə alınmaqla yaranmış zəruri ehtiyacların qarşılanmasına, o cümlədən dövlətin müdafiə və təhlükəsizliyinin daha da artırılmasına (588,4 milyon manat), işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpasının sürətləndirilməsinə və ölkənin digər ərazilərində bir sıra infrastruktur layihələrinin və əsaslı xərclərin (1291,1 milyon manat), həmçinin ərzaq məhsullarının qiymətlərinin bahalaşması ilə əlaqədar əlavə xərclərin (193,0 milyon manat) maliyyələşdirilməsinə 2072,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Daha sonra “Dövlət Sosial Müdafiə Fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihəyə əsasən DSMF-nin 2022-ci il büdcəsinin gəlirləri olaraq müəyyən edilmiş göstərici 299 499 497,0 manat artırılaraq 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin balanslılığı prinsipi gözlənilməklə onun büdcəsinin xərcləri isə eyni həcmdə artırılmaqla 5 306 770 072,0 manatdan 5 606 269 569,0 manata çatdırılması təklif edilir.

Fondun gəlirlərinin artımı iki mənbə üzrə – məcburi dövlət sosial sığorta haqları üzrə və dövlət büdcəsindən ayrılan vəsait hesabına proqnozlaşdırlıb. Fondun xərclərindən proqnozlaşdırılan artım əsasən əhaliyə ödənişlər üzrə xərclər istiqamətində olacaq. Xərclərin artımı, habelə DOST xidmətinin fəaliyyətinin maliyyələşdirilməsinə, bank əməliyyatlarının aparılmasına və digər xidmət haqlarının ödənilməsinə yönələcək. Qeyd olunub ki, uşağın anadan olmasına görə müavinətin məbləği 4 milyon manat artaraq, 24 milyon manata çatdırılması nəzərdə tutulur.

Toplantıda “İşsizlikdən sığorta fondunun 2022-ci il büdcəsi haqqında” qanuna dəyişiklik layihəsi də birinci oxunuşda müzakirə olunub. Layihəyə əsasən, İşsizlikdən sığorta fondunun 2022-ci il üçün cari büdcə layihəsində büdcədən maliyyələşən təşkilatlar üzrə işsizlikdən sığorta haqlarının daxilolma məbləği dürüstləşdirilərək 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manata, büdcədən maliyyələşən təşkilatlarda işləyənlər üzrə işsizlikdən sığorta normativinə analoji olaraq 1 088 138,0 manat azaldılaraq 21 709 238,0 manatdan 20 621 100,0 manatadək dəyişdirilib. Nəticədə, işsizlikdən sığorta üzrə sığorta haqlarının ümumi məbləği 6 923 724,0 manat artırılaraq 136 418 476,0 manatdan 143 342 200,0 manatadək dəyişdirilib.

Təklif olunan dəyişikliklər nəzərə alınaraq, qanunda işsizlikdən sığorta fondunun 2022-ci il büdcəsinin gəlirlər və xərclərinin 1 000 000,0 manat artırılaraq 180 375 536,0 manatdan 181 375 536,0 manata çatdırılması nəzərdə tutulub.

Müzakirələrdən sonra qanunlara dəyişikliklər layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər