Ötən həftənin ən aktual mövzularından biri, Banklar Assossasiyasinın sədri Zakir Nuriyevin Azərbaycanda Maliyyə Ombudsmanı yaradılması təklifi idi.
Bəs bu funksiya Azərbaycan bank sisteminə nələri vəd edir?
Biz təklifin detalları ilə tanış olmasaq da (ictimaiyyətə açıqlanmır) nümunə kimi MBD ölkələrində olan ombudsmanın iş təsviri ilə tanış olmuşuq. Araşdırmalarımızın nəticələrini oxucularımıza təqdim edirik.
Xaricdə Maliyyə Ombudsmanının işi aşağıdakılardan ibarətdir:
Maliyyə ombudsmanı (Maliyyə bazarında ictimai uzlaşdırıcı) – maliyyə təşkilatları və onların müştəriləri (fiziki şəxslər) arasında yaranan mübahisələri həll edən qeyri-məhkəmə orqanıdır.
Ombudsmana müraciətin təşəbbüskarı qismində yalnız fiziki şəxs çıxış edə bilər və mübahisələrə baxış ödənişsiz olaraq həyata keçirilir. Ombudsmana müraciət etmək onun daha sonradan məhkəməyə üz tutmasına əngəl deyil, lakin mübahisəyə baxış dövründə fiziki şəxs məhkəməyə müraciət etməməlidir.
Ombudsman və onun əməkdaşları Ərizəçinin irəli sürdüyü iddia və tələblərlə bağlı hüquq və öhdəliklərini aydınlaşdırır və mübahisənin həll olunması ilə əlaqəli məsləhətlər verir. Müştəri ombudsmana müraciət etmədən öncə bankın ünvanına narazı olduğu məsələ ilə bağlı məktub göndərməlidir. Bankın isə həmin məktuba cavab vermə müddəti 30 gündür.
Ombudsmana müraciət edərkən müraciət məktubuna sənədlərin (kredit və yaxud sığorta müqaviləsinin, ödənişlər üzrə qəbzin, yaranmış mübahisə ilə bağlı bankla etdiyiniz yazışmaların və s.) surətini iki nümunədə təqdim etməlidir.
Ombudsmana müraciət edərkən öz şəxsi məlumatlarınızın və mübahisə ilə bağlı məlumatların çap edilməsinə razılıq vermiş olursunuz. Mübahisənin həll edilməsi yeri isə ombudsman tərəfindən konkret mübahisəyə uyğun şəkildə təyin edilir.
Mübahisəyə baxılmanın nəticələrinə görə ombudsman tərəflər arasında imzalanmış Barışıq sazişini təsdiq edir və mübahisəyə baxılması ilə bağlı xitam verir. Barışıq sazişi daha sonradan tərəflərin razılığı əsasında məhkəmə tərəfindən təsdiq edilməyə təqdim edilə bilər.