Dövlət Sərhəd Xidməti Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında quru sərhədinin bağlanması barədə xəbərlərə münasibət bildirib.
Dövlət Sərhəd Xidmətindən (DSX) bildirilib ki, DSX Nazirlər Kabinetinin 20 iyun 2022-ci il 232 nömrəli qərarına uyğun olaraq, müvafiq fəaliyyət göstərir.
Xatırladaq ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər haqqında” 20 iyun 2022-ci il tarixli qərarına əsasən, koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il 1 sentyabr saat 06:00-dək uzadılıb.
Beləliklə, bu müddət ərzində yük daşımaları istisna olmaqla, ölkə ərazisinə yerüstü nəqliyyat ilə giriş-çıxış dayandırılması qüvvədə qalır.
Qeyd edək ki, bu gün sosial şəbəkələrdə Naxçıvan-Türkiyə quru sərhədinin vətəndaşlar üçün bağlanması ilə bağlı məlumat yayılıb.
Vətəndaşlara sərhəd-keçid məntəqələrində artıq Naxçıvandan quru yolu ilə Türkiyəyə keçməyə icazə verilməyəcəyinin bildirildiyi nəzərə çatdırılıb.