6 C
Baku
Sunday, December 15, 2024

AİB sədri: “Tələb təklifi üstələyirsə, mütləq qiymət artımı baş verir”

Azərbaycanda iqtisadi əsası olsa da, olmasa da bahalaşma gedir. Hər nə qədər rəsmilər bunun dünyada gedən proseslərlə birbaşa bağlılığı olduğunu desələr də, ölkəmizdə heç bir səbəb olmadan, monopolistlərin istəyinə uyğun başlayan bahalaşma tendensiyası, geosiyasi hadisələr fonunda getdikcə alovlanmağa başlayıb.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu ilin may ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha çox bahalaşma makaron məmulatlarının, vaflinin, peçenyenin, manna yarmasının, unun, toyuq ətinin, kolbasa məmulatlarının, balıq konservlərinin, xamanın, qatılaşdırılmış şəkərli südün,  pendirin, kərə və bitki yağlarının, almanın, armudun, limonun, çuğundurun, yerkökünün, kartofun, şəkər və şəkər tozunun, konfetlərin, qəhvə və kakao tozunun, mineral suların, meyvə şirəsinin, limonadın, pivənin, arağın qiymətində müşahidə edilib.

2022-ci ilin may ayında qeyri-ərzaq məhsulları əvvəlki aya nisbətən 0.7 faiz, əvvəlki ilin may ayına nisbətən isə 7.1 faiz bahalaşıb.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov ölkədəki qiymət artımının səbəbləri barədə danışıb. E. Hüseynov deyib ki, rəhbəri olduğu təşkilat son günlər meyvələrin qiymətinin sürətlə artmasının səbəbini öyrənmək üçün araşdırma aparıb:

“Araşdırma zamanı məlum oldu ki, meyvələrin qiymətinin qalxmasında bağ sahiblərinin karter sövdələşmələri var. Azad İstehlakçılar Birliyi təxmin edirdi ki, “Meyvəli bazarı” burada mühüm bir zəncirdir. Lakin məlum oldu ki, “Meyvəli bazarı” qiymətin qalxmasında heç də əhəmiyyətli zəncir deyil. Sadəlövh istehlakçı deyir ki, kəndlilər nə üçün bağındakı gilası birbaşa bazara çıxara bilmir? Araşdırma apararaq gördük ki, sıravi kəndlilərin yetişdirdiyi gilas bazar tələblərinə cavab vermir. Artıq böyük meyvə bağları əmələ gəlib, onlar ayrı-ayrı insanların əlində cəmləşib və məhdud saydadır. Onlar asanlıqla qiyməti təyin edirlər”.

AİB sədri söyləyib ki, “Meyvəli bazarı”na məhsullar daxil olan kimi alınır:

“Bazarda xüsusi yerləri var, hansı ki, yükləri ora yerləşdirirlər. Səhər tezdən isə pərakəndə satıcılar gəlib onlardan alırlar. Tələbatı yaradan gecə orada yatanlardır. Təklif edənlər isə o malı gözləyənlərdir. Tələb təklifi üstələyirsə, mütləq qiymət artımı baş verir. Hökümət elə bir iş aparmalıdır ki, tələb təklifi üstələməsin. Kəndlinin istehsal etdiyi kənd təsərrüfatı malları qətiyyən bazar tələbatına uyğun gəlmir. Onlar alıcı üçün cəlbedici deyillər. Məlumatlara görə kənd təsərrüfatı mallarını yetişdirmək üçün lazım olan gübrələrin, ziyanvericilərlə və alaq otlarla mübarizə üçün dərmanların ən keyfiyyətlisi sənaye üsulu ilə böyük bağçılıq və bostançılıq təsərrüfatlarına gedir. Sıravi kəndlinin o dərmanlara əli çatmır. Bəzən onlara ən keyfiyyətsiz dərmanlar çatır və bunu da kimlərsə bilərəkdən edir”.

Hüquq müdafiəçisi bildirib ki, dövlətin antiinhisar siyasəti primitiv işlərlə məşğul olmalı deyil:

“Onlar ölkə prezidentinin tapşırıqlarına əməl etməlidir. Çox təəssüflər olsun ki, ölkədə istehlakçı hüquqları arxa plandadır. Keyfiyyət masanın üzərində qalıb. Qida Təhlükəsizlik Agentliyi yalnız malların təhlükəsizliyini təmin edir. Deyiblər ki, əlinizdə tikəniz ölməyəcəksiniz, sonra ölürsünüz cəhənnəmə ölün, onsuz hamı öləcək”.

E.Hüseynov, həmçinin deyib ki, Azərbaycanda bəzi istehsal müəssisələri qiymətin qalxmasının qarşısını almaq üçün ciddi iş aparırlar:

“Rusiya bazarında duru yağın qiyməti 5 ay bundan əvvəl qalxdı, Azərbaycandakı uyğun müəssisələr elə iş apardılar ki, bu ölkəyə ciddi təsir etmədi. Dünya bazarındakı qiymətlər,  xüsusilə qiymət artımı bizim bazara çox təsir edir. Buna görə də yağlarda qiymət artımı məsələsində böyük problemlər var. Dünya bazarı qiymətin formalaşmasına təsir edir. Kənd Təsərrüfatı Nazirliyi elə iş aparmalıdır ki, yerli yağ istehsalı güclənsin, xarici istehsala tələbat az olsun. Proses bu cür olarsa, ölkədə qiyməti stabilləşdirmək olar”.

Təşkilat rəhbəri onu da söyləyib ki, pensiya-maaş artımını tələb edənlər bəsit düşüncəli insanlardır:

“Mən də istəyərəm artsın, çünki mən də pensiya alıram. Ancaq görək pensiyanın, maaşın artması qiymətlərə necə təsir edəcək? Əlbəttə, qiymətlərin artmasına təsir edəcək. Təəssüflə qeyd edirəm ki, Azərbaycan vətəndaşları gəlirlərinin 70%-ni qidaya verirlər. Bu çox pis göstəricidir, çünki  həyat səviyyəsi yüksək olan ölkələrdə bu rəqəm 25-30 faiz arasındadır”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər