Bir müddət əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Bakı şəhərində özəl və bank sektorunda fəaliyyət göstərən işəgötürənlərə iş saatlarının dəyişdirilməsi ilə bağlı müraciət ünvanlanmışdı.
Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Elman Babayev verilən tövsiyənin gedişatı barədə qafqazinfo-ya açıqlama verib. O qeyd edib ki, müraciətdə qeyd olunan tövsiyənin icrasını təmin etmək üçün əmək qanunvericiliyinin müvafiq tələblərinə riayət edilməsinin zəruri olduğu bildirilib və iş şəraitində dəyişikliklərin həyata keçirilməsi zamanı əmək qanunvericiliyindən irəli gələn hansı prinsiplərə əməl olunması barədə onlara ətraflı məlumat verilib: “Müraciətdə, həmçinin bu sahədə görülən tədbirlər barədə ƏƏSMN-nin elektron poçtuna ([email protected]) məlumat göndərmələri xahiş olunub. Özəl sektorda və bank sektorunda fəaliyyət göstərən işəgötürənlərə müraciət ünvanlandıqdan sonra onlar tərəfindən ƏƏSMN-nə daxil olan müvafiq sorğularla əlaqədar izahat işləri aparılır. Eyni zamanda, nazirliyin 142 – “Çağrı mərkəzi” tərəfindən işəgötürənlərin həmin tədbirin icrasını təmin etmək üçün əmək qanunvericiliyinin müvafiq tələblərinə riayət edilməsi ilə bağlı müraciətləri dolğun şəkildə cavablandırılaraq, onlara ətraflı izahatlar verilir.
Protokolun 26-cı bəndində görülən işlər barədə ayda bir dəfə olmaqla Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasına məlumat verilməsi tapşırılıb. Ona görə də ƏƏSMN tərəfindən daxil olan məlumatların nəticələri əsasında ayda bir dəfə olmaqla məlumat verilməsi nəzərdə tutulur”.
Onun sözlərinə görə, sözügedən tövsiyəyə avqust ayından tətbiq edilməyə başlanılıb: “Hazırda isə hansı şirkətlərin tövsiyəyə əməl edib-etmədiyi bir ayın yekunundan sonra bilinəcək”.
Bu məqamda qeyd edək ki, artıq Təhsil Nazirliyi də Nazirlər Kabinetinə məktəblərdə dərs vaxtının dəyişdirilməsi ilə bağlı təklif göndərib. Təklifdə bildirilir ki, yuxarı siniflərin bir az erkən, məsələn saat 08.00-da dərsə başlaması, ibtidai siniflərdə isə bu vaxtın ondan 45-50 dəqiqə sonra, yəni 08.50 və yaxud 09.00-a dəyişdirililsin.
Xatırladaq ki, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli 1 nömrəli protokolunun 24-cü bəndi ilə Bakı şəhərində ictimai şəhər nəqliyyatının iş rejimini normallaşdırmaq və avtomobil yollarında tıxacların yaranmasına şərait yaratmamaq məqsədilə cari ilin avqust ayından başlayaraq Bakı şəhərində iş vaxtının özəl sektorda saat 07:30 – 08:00 radələrində, bank sektorunda isə saat 10:00-dan başlanması tövsiyə olunub.
Faktxəbər