14 C
Baku
Saturday, November 23, 2024

Azərbaycanın ən kasıb və ən varlı rayonları hansılardır?

Bölgələrdə işsizlikdən əziyyət çəkən insanların ən çox üz tutduğu məkan paytaxtdır. Buna görə də Bakı Azərbaycanın ən böyük şəhəri olmaqla yanaşı, həm də ölkənin iqtisadi mərkəzi hesab edilir. Lakin son illər aparılan məqsədyönlü siyasət nəticəsində regionlara ayrılan dotasiyalar bölgələrin inkişafı üçün əlverişli zəmin yaradıb.

Rəsmi şəkildə regionların iqtisadi reytinqi aparılmasa da, ekspertlərin fikrincə, Bakıdan sonra Şəmkir, Tovuz, Gəncə, Lənkəran ölkənin ən zəngin rayonları sırasındadır.

Səbəb kimi adıçəkilən rayonlarda yaşayan əhalinin əksəriyyətinin ailə üzvləri və yaxınlarının Rusiyada işləməsi göstərilir. Belə ki, həmin rayon sakihlərinin var-dövləti Rusiyadan və digər xarici ölkələrdən gələn qazanc hesabına ölçülür. Amma son vaxtlar Rusiya-Ukrayna müharibəsi fonunda bu ölkədən Azərbaycana daxil olan vəsait də azalıb.

Hazırda Azərbaycanın ən kasıb və ən varlı rayonları hansılardır?

Bu barədə danışan Milli Məclisin Aqrar siyasət komitəsinin sədri deputat Tahir Rzayev iqtisadi baxımdan rayonlar arasında ciddi fərqin olmadığı qənaətindədir. Onun sözlərinə görə, əvvəllər rayonlar arasında fərq olub.

“Bu təsərrüfat göstəricilərinə görə idi. Hansı rayonun təsərrüfatı güclü olubsa, ordan gələn gəlir rayonun abadlaşdırılmasında və digər işlərdə istifadə olunub. Bəzi dağlıq rayonları var idi ki, təsərrüfat zəif inkişaf etmişdi. Müəyyən qədər yaşayış tərzi çətin idi. Dağlıq rayonda həm iqlim şəraiti, həm də yol problemli məsələlər idi. Rayonların hamısı simalarını dəyişib. Su, yol kimi problemlər artıq həllini tapıb. Əksər rayonlarda qazlaşdırma 97% təmin olunub”.

T.Rzayev statistikaya əsasən deyib ki, hazırda ən varlı Bakı və Abşerondur. Onun fikrincə, yenə də statistikaya görə, kasıb olaraq qeydə alınan rayonlar dağ rayonlarıdır.

İqtisadçı ekspert Pərviz Heydərov son illər ərzində müəyyən proqramlar əsasında rayonlarda aparılan abadlaşdırma işlərinə diqqət çəkib:

“Kommunikasiya, infrastruktur, zavod və emal müəssisələri baxımından rayonlar çox inkişaf edib. Bölgələrdə məhsuldarlıq üçün şərait var. Əmək qabiliyyəti üzrə əhalinin 40-45 faizi bölgələrimizdə məşğulluq problemi ilə üz-üzədir. Bu vətəndaşların bir hissəsi şimal qonşumuz olan Rusiyaya və digər ölkələrə iş üçün axın edirlər. Rayonlardakı yaşayışla bağlı ciddi bir instansiya olduğu barədə danışmağa dəyməz. Həmin regionların sosial-iqtisadi inkişaf proqramına əsasən qərbdə Balakən, şimalda Qusar, Xaçmaz və Naxçıvana qədər infrastruktur baxımından yüksək səviyyədə müvafiq şərait yaradılıb. İşğaldan azad olunmuş ərazilərimizdə də infrastruktur işləri davam etdirilir. Gələcəkdə həmin rayonlar da digər bölgələrlə eyni səviyyədə olacaq”.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər