ABŞ-dan Rusiyaya mal ixracı aprel ayına nisbətən mayda 13 faizdən çox azalaraq 77.4 milyon dollar olub.
Bu barədə məlumat ABŞ Ticarət Nazirliyinin iyulun 7-də dərc olunmuş hesabatında yer alıb.
Rusiya mallarının ABŞ-a idxalı isə may ayında 1.1 milyard dollaradək azalıb və ölkələr arasında xarici ticarət əməliyyatlarında mənfi balans 1 milyard dollara çatıb. İxracın kəskin enməsi Rusiyanın Ukraynaya qarşı müharibəsinə cavab olaraq tətbiq edilən sanksiyalar fonunda baş verib. Belə ki, fevralda ABŞ Rusiyaya 498 milyon dollar dəyərində mal göndərdiyi halda, martda bu göstərici yalnız 101 milyon dollar təşkil edib. Aprel ayında ixracın həcmi azalmağa davam edərək 89 milyon dollara enib.
Ağ evin iyunun sonlarında yaydığı məlumata görə, son bir neçə ayda ABŞ-dan Rusiyaya ixrac, o cümlədən vacib texnologiyalar ixracı təxminən 97 faiz azalıb. Həmçinin Rusiyaya qlobal yarımkeçiricilər ixracında 90 faizə yaxın azalma qeydə alınıb.