Ukraynada dizel yanacağı çatışmazlığı məsələsi bir-iki ay ərzində həll olunacaq, bundan başqa, benzinlə bağlı vəziyyət də yaxşılaşacaq.
Bunu “SOCAR Energy Ukraine” şirkətinin direktoru İqor Orlov “Forbes” jurnalına müsahibəsində deyib.
“Vəziyyət sabitləşir. Bu ay dizelə tələbatın 80 faizi təmin olunub. Benzinə tələbat da təxminən 50 faiz təmin olunur. Avtomobil qazının çatışmazlığı iyun ayında aradan qaldırılıb. Bütün bölgələrdə vəziyyət təxminən eynidir. Bir-iki ay ərzində dizel çatışmazlığı aradan qalxacaq, benzinlə bağlı vəziyyət yaxşılaşacaq. Proqnozlaşdırmaq olar ki, ötən illə müqayisədə istehlak 20 faiz azalaraq ayda təxminən 800 min ton təşkil edəcək”, – deyə o bildirib.
Onun sözlərinə görə, çatışmazlığın aradan qaldırılması qiymətlərin ucuzlaşmasına yol açacaq.
Şirkət direktoru əlavə edib ki, “SOCAR Energy Ukraine” dörd yeni mənbədən – Almaniya, İtaliya, Finlandiya və Yunanıstandan idxala başlayıb.
“İyun ayında “SOCAR Energy Ukraine” ötənilki idxal həcmlərinə çatıb. Biz hər həftə özümüzün və icarəyə götürülən yanacaqdaşıyan maşınlarla 15-dən çox reys yerinə yetiririk”, – İ.Orlov deyib.