Azərbaycan Respublikasının Mərkəzi Bankı (AMB) tərəfindən növbəti təhlil sənədi kimi 2022-ci ilin ikinci rübü üzrə Sahələrarası maliyyə axınlarının təhlili hesabatı hazırlanıb.
AMB-dən verilən məlumata görə, hesabat sənədi dövr ərzində bütövlükdə iqtisadiyyatda, o cümlədən ayrı-ayrı iqtisadi fəaliyyət sahələri üzrə ödəniş daxilolmalarının təhlilinə həsr olunub. Sahələrarası maliyyə axınlarının verilənlər bazası Real vaxt rejimində hesablaşmalar sistemi (AZIPS) üzərindən daxil olan ödəniş məlumatları əsasında qurulub.
Hesabat 01.01.2018 – 30.06.2022 dövrünü əhatə edən günlük məlumatlar əsasında hazırlanıb. Hesabatda iqtisadi fəaliyyət sahələri üzrə ödəniş daxilolmalarının dinamikası, həmçinin dövrlər üzrə müqayisəli təhlili aparılıb.
Hesabatdakı məlumatlar makroiqtisadi göstəricilərin proqnozlaşdırılması baxımından informasiya mənbəyi, yeni təhlil və proqnoz aləti kimi istifadə oluna bilər.
Sahələrarası maliyyə axınlarının təhlili hesabatı qabaqcıl beynəlxalq təcrübələr nəzərə alınmaqla davamlı şəkildə təkmilləşdirilərək rüblük əsasda Mərkəzi Bankın rəsmi internet səhifəsində elektron versiyada dərc olunacaq.