“AFB Bank” ASC bu ilin II rübünü 8 milyon 674 min manat mənfəətlə başa vurub. Ötən ilin eyni dövründə isə bankın mənfəəti 8 milyon 183 manat idi ki, bu da illik müqayisədə 6% artım deməkdir.
Banker.az bu barədə bankın maliyyə hesabatına istinadən xəbər verir.
GƏLİRLƏRİ ARTIB
Yanvar-iyun aylarında “AFB Bank”ın gəlirləri 13 milyon 320 min manat (əvvəlki ilə nisbətən 28% çox) , xərcləri 8 milyon 568 min manat olub.
KREDİT PORTFELİ BÖYÜYÜB
Bu il iyulun 1-nə “AFB Bank”ın aktivləri 267 milyon 743 min manat olub ki, ötən ilin sonunda 272 milyon 238 min manat təşkil edib. Bunun 153 milyon 793 min manatı müştərilərə verilmiş kreditlərdir. Belə ki, 6 ayda bankın kredit portfeli 8% böyüyüb.
Hesabat dövründə “AFB Bank”ın öhdəlikləri 2% azalaraq 186 milyon 800 min manata, balans kapitalı 0.3% azalaraq 80 milyon 944 min manat olub.
Xatırladaq ki, “AFB Bank” 2008-ci ildə “Azfinansbank” adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70.393 milyon manatdır. Bankın səhmlərinin 99.64 %-i Hikmət Abuzər oğlu İsmayılova (“Azsığorta” ASC-nin 100 %-lik səhmdarı, “Bank of Baku” ASC-nin 31.11 %-lik səhmdarı), 0.18 %-i Cəmil Tahir oğlu Muradova (“Gilan Holdinq” MMC-nin İdarə Heyətinin sədri), 0.18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.