18 C
Baku
Wednesday, May 1, 2024

Fear & Greed Index nədir?

“Fear & Greed Index” ingilis dilində tərcümədə “qorxu və tamahkarlıq” indeksi anlamına gəlir. Bu indeks CNNMoney tərəfindən investorları bazara daxil olmağa motivasiya edən və onların bir səhm üçün nə qədər ödəməyə hazır olduqlarına təsir edən iki əsas emosiyanı (qorxu və tamahkarlıq) ölçmək üçün hazırlanmışdır. İndeks gündəlik, həftəlik, aylıq, illik olaraq ölçülür və birjada qiymətlərin ədalətliliyini qiymətləndirmək üçün istifadə edilə bilər. Bu indeksin arxasında duran məntiq belədir: güclü qorxu səhm qiymətlərinin ədalətli dəyərindən aşağı düşməsinə səbəb olur, güclü tamahkarlıq isə bunun tam əksinə. 

“Crypto Fear & Greed Index” kriptovalyuta sektorunda tez-tez işlədilən terminlərdən biridir. Bu indeks müxtəlif mənbələrdən bitcoin və bir neçə yüksək bazar kapitalizasiyası olan kriptovalyutalara qarşı emosiya və əhval-ruhiyyəni ölçür və təhlil edir. Bildiyimiz kimi kriptovalyuta bazarının davranışı çox emosionaldır. İnsanlar bazar yüksələndə tamahkar olmağa daha çox meyllidirlər, bu da FOMO-ya (qazanmaq şansını qaçırmaq qorxusu) gətirib çıxarır. Bu indeks isə investoru həddindən artıq emosional reaksiya verməməyə təşviq edir. Bu zaman 2 fərziyyə var:

  • Həddindən artıq qorxu investorların həddindən artıq narahat olduğuna işarə ola bilər. Bu alış üçün fürsət ola bilər.
  • Həddən artıq tamahkarlıq – bu, bazarda korreksiya (qiymətlərin enməsi) olacağına işarədir. 

Qorxu və Tamahkarlıq İndeksinin dəyərləri 0 (maksimum qorxu) ilə 100 (maksimum tamahkarlıq) arasında dəyişir:

  • 0-24   = Maksimum qorxu
  • 25-49 = Qorxu
  • 50-74  = Tamahkarlıq
  • 75-100 = Maksimum tamahkarlıq

Misal üçün, 22 iyul tarixinə bu indeks 33-dür.

“Crypto Fear & Greed Index”-ni hesablamaq üçün 5 fərqli mənbədən məlumatlar toplanır. Hər bir mənbəyə bazar əhval-ruhiyyəsinin qiymətləndirilməsində əhəmiyyətini əks etdirən “çəki əmsalı” təyin olunur.

  • Volatillik – 25%. Bu parametr Bitcoin-in cari qiymətini ölçür və onu 30/90 günlük orta qiymətlərlə müqayisə edir. İndeks bunu bazarda qorxu üçün dolayı indikator kimi istifadə edir.
  • Bazarın həcmi və dinamikası – 25%. Bunu hesablamaq üçün bitcoin ticarətinin cari həcmi və dinamikası 30/90 günlük orta dəyərlərlə müqayisə edilir və sonra nəticələr birləşdirilir. Bu, bazarda güclü yüksəliş əhval-ruhiyyəsini göstərir.
  • Sosial şəbəkələr – 15%. Hal-hazırda o, sürət və qarşılıqlı əlaqə sayına diqqət yetirməklə bitcoin-ə yönəlmiş Twitter hashtaglarını nəzərdən keçirir. Hesab olunur ki, qarşılıqlı əlaqənin adi səviyyədən yüksək olması bazarda tamahkarlıq davranış deməkdir.
  • Bitcoin-in dominantlıq indeksi – 10%. Bitcoin-in dominantlığının artması altcoinlərə həddindən artıq spekulyativ investisiya qorxusu ilə əlaqədardır, çünki bitcoin getdikcə kriptovalyutalar üçün nisbətən daha təhlükəsiz sığınacaq halına gəlir. Digər tərəfdən, bitcoin-in dominantlığı azaldıqca, insanlar daha tamahkar olur və daha riskli altkoinlərə investisiya edir ki, növbəti böyük “öküz qaçışında” qazanmaq şanslarını əldən verməsinlər.
  • Tredlər – 10%. Bu göstərici bitcoin ilə əlaqəli axtarış sorğuları (“bitcoin”, “bitcoin almaq”, “qiymət bitcoin”) üçün “Google Trend” üzrə məlumatlardan formalaşır. 
  • Sorğuları – 15%. Müxtəlif platformlarda sahəvi ekspertlər və kripto investorlar arasında keçirilən sorğuların nəticələri üzrə məlumatlar. 

“Crypto Fear & Greed Index”-i hər 8 saatdan bir yenilənir və bazar əhval-ruhiyyəsini anlamaq üçün faydalı bir vasitədir. Odur ki, investisiya ilə bağlı qərar verərkən bu indeksdən isitifadə etməyi tövsiyyə edirəm.

Elnur Quliyev

Son xəbərlər
 ⁠
Digər xəbərlər