Yaddaşı zəif olanların,xüsusən də yaşlı sakinlərin pensiya və ya əmək haqqı kartlarının üzərinə yaddaş kimi kodlarını yazmasına çox şahidlik etmişik.Amma bunun zərərli nəticəsinin dərinliyinə varmamışıq.Belə ki,kart oğurlananda və ya itiriləndə üstündəki kodla onu tapan adam asanlıqla kartdakı məbləği hesabınızdan çıxara bilər. Artıq belə bir hadisə Lənkəran rayonunda baş verib.
Məlumata görə, rayonun Kərgəlan kənd sakini Bayramov Ramal Rəşid oğlu əmək haqqı kartını itirdikdən sonra bu barədə bankı məlumatlandırıb. Bank əməliyyatı zamanı məlum olub ki,artıq kart boşdur və ordakı 178 manat vəsait kimlər tərəfindən isə götürülüb.Zərərçəkən Lənkəran rayon polis şöbəsinə ərizə ilə müraciət etdikdən sonra əməliyyat axtarış tədbirlərinə başlanılıb. Lənkəran rayon polis şöbəsindən aldığımız xəbərə görə, keçirilən əməliyyat zamanı məlum olub ki, itən kartı tapan elə zərərçəkənin həmkəndlisi ,31yaşlı Səfərov Rövşən Adil oğlu olub.Rövşən kartın kodu üzərində yazıldığı üçün 178 manatı çəkərək mənimsədiyini etiraf edib.Artıq dəyən zərər ödənilsə də,vətəndaşların bilməli olduğu vacib məqamlar var.
İşi araşdıran Lənkəran şəhər polis şöbəsinin müstəntiqi Elgün Məmmədov belə halların bir neçə dəfə baş verdiyini deyir.
Araşdırma zamanı məlum olub ki, vətəndaş hər hansı kartı oğurlamayıb tapsa belə, vaxtında onu banka təhvil verməsə,ya hesabdan hər hansı məbləğdə vəsait çıxarsa ,qanunla məsuliyyət daşıyır.Azərbaycan Respublikası CM-nin 177.2.3-1 maddəsi – elektron məlumat daşıyıcılardan ,yaxud informasiya texnologiyalarından istifadə etməklə oğurluq törədilməsi maddəsi ilə məhkum edilən şəxsləri 3 ildən 7 ilədək həbs cəzası gözləyir.Ona görə də hər iki tərəf-həm kart sahibləri,həm də bu və ya digər səbəbdən ona yiyələnənlər diqqətli olmalıdırlar.Atalar demişkən,pulunu yaxşı saxla,qonşunu oğru tutma.Kartın kodunu üstünə yazmaq onun oğurlanması riskini daha da artırır. Tapan şəxs isə dəmir barmaqlıqlar arxasına keçib ömrünün bir neçə ilindən olmaq istəmirsə tamahından vaz keçməlidir. Tapılan mal halaldır- atalar sözü isə həmişə yerinə düşmür.
ANS PRESS