“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın icrası nəticəsində Qarabağ bölgəsi turizm biznesi üçün cəlbedici, turistlər üçün əlçatan, unikal, keyfiyyətli və rəqabətli turizm xidmətləri təklif edən turizm destinasiyası olacaq.
Dövlət Turizm Agentliyindən verilən məlumata görə, strategiyanın icrası nəticəsində ölkədə yeni turizm və rekreasiya zonaları yaradılacaq. Dövlət-özəl tərəfdaşlığı çərçivəsində ölkənin müxtəlif şəhər və rayonlarında əcnəbi vətəndaşlara tibbi turizm xidməti göstərən müəssisələrin sayının artırılması, ölkənin turizm potensialının genişləndirilməsi üçün marketinq və kommunikasiya planının icrası, turizm sektoru iştirakçılarının fəaliyyətinin mütəmadi dialoq formasında əlaqələndirilməsi mexanizminin qurulması, viza prosedurlarının sadələşdirilməsi, hədəf turizm bazarları ilə nəqliyyat-kommunikasiya əlaqələrinin şaxələndirilməsi və təkmilləşdirilməsi kimi tədbirlər həyata keçiriləcək.
Azərbaycanda bunlarla yanaşı, turizm mövsümiliyinin aradan qaldırılması üçün ölkə və beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi planlaşdırılır. Belə tədbirlərin həyata keçirilməsi zamanı daxili və gəlmə turizminin qeyri-mövsüm dövründə təşviqi əsas götürüləcək. 2026-cı ilin sonunadək ölkədə qeyri-mövsüm dövrünün 15 faiz azalması üçün hazırlanan təkliflərin reallaşdırılması nəzərdə tutulur: ”Turizm sənayesi subyektləri tərəfindən qeyri-mövsüm dövründə turizm məhsullarının təklif edilməsi də zəruridir. Dövlət Turizm Agentliyi buna nail olmaq üçün sənayeyə müvafiq dəstəyin göstərilməsi istiqamətində fəaliyyətini davam etdirəcək”.