Nazirlər Kabinetinin 2019-cu il 16 sentyabr tarixli “Yeni iş yeri və ya boşalan iş yeri barədə məlumatların elektron informasiya sisteminə daxil edilməsi Qaydası və Forması”nın təsdiq olunması haqqında qərarına əsasən, işəgötürənlər yeni iş yeri yarandığı və ya iş yeri boşaldığı gündən ən geci beş iş günü ərzində, əməkhaqqı göstərilməklə, bu barədə məlumatı “Elektron hökumət” və ya nazirliyin “e-sosial” internet portallarından istifadə etməklə formalaşdırılmış vakansiya bankına daxil edirlər. Göstərilən müddətdə məlumatlar vakansiya bankına daxil edilmədiyi təqdirdə, həmin iş yeri nazirliyin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsistemi tərəfindən vakansiya bankına daxil edilir. Sözügedən altsistemin imkanları çərçivəsində təkmilləşdirmə işləri yekunlaşdıqdan sonra elektron məlumat bazası fəaliyyət göstərəcək, ştat və ya boş iş yeri yarandığı təqdirdə, vakansiya bankına avtomatlaşdırılmış qaydada əlavə ediləcək.
Banker.az xəbər verir ki, bunu Dövlət Məşğulluq Agentliyinin Əmək bazarının təhlili və inkişafı departamentinin müdiri Elman Sadıqov ölkənin əmək bazarındakı vəziyyətlə bağlı “vergiler.az”a müsahibəsində deyib.
İşə qəbul zamanı yaş məhdudiyyətinin qoyulması ilə bağlı suala Agentlik rəsmisi belə cavab verib: “Hazırda dövlət sektorunda vakansiya üzrə yaş tələbinin qoyulması hallarına az rast gəlinir, özəl sektorda isə bu, bir qədər fərqlidir. Özəl sektorda fəaliyyət göstərən işəgötürən işçi cəlb etməkdə və seçim aparmaqda müstəsna hüquqa malikdir. Onlara işçi seçimində yaş və digər tələblərlə bağlı qadağaların qoyulması bazar iqtisadiyyatının tələblərinə uyğun deyil”.
Elman Sadıqov qeyd edib ki, hazırda turizm, yüksək texnologiyalar sahəsində də ciddi kadr çatışmazlığı müşahidə edilir: “Azərbaycanda müvafiq peşə ixtisası olmayan və əmək bazarının tələblərinə cavab verməyən işaxtaranların sayı kifayət qədərdir. Bu gün daha çox müasir dövrün tələblərinə cavab verən mütəxəssislərə, yeni yanaşma ilə fərqli əmək bazarı tələblərinə uyğun olan peşəkarlara ehtiyac var. Aqrar sahəyə, xüsusən iri fermer təsərrüfatlarına ali təhsilli kadrlar – zootexnik, aqronom və s. lazımdır. Bu tələbatımızı əsasən xarici ölkələrdən, o cümlədən Türkiyədən dəvət olunmuş peşəkar kadrlarların hesabına ödəyirik”.