Ukrayna Təhlükəsizlik Xidməti (UTX) Donetsk vilayətinin Slavyansk, Kramatorsk və Pokrovski rayonlarında Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin yerləşdirilməsi və yerdəyişməsi ilə bağlı kəşfiyyat məlumatları toplayan Rusiya kəşfiyyat şəbəkəsini məhv edib.
Şəbəkə üzvləri düşmənin raket və bomba hücumlarının nəticələri, regionun artilleriya atəşinə tutulması, yaşayış binalarının və mülki infrastrukturun dağıdılmasının miqyası barədə məlumat veriblər.
“Əlaqədar” rus agentlərindən biri Rusiya administrasiyasının nümayəndəsi olub. O, qondarma Donetsk Xalq Respublikasının “ali məhkəməsi”nin məmuru olub, üstəlik, Donbasın müvəqqəti işğal olunmuş ərazisində ukraynalıların təqib və qanunsuz həbs edilməsində iştirak edib. İstintaqın məlumatına görə, agent şəbəkəsinə Rusiya xüsusi xidmət orqanları tərəfindən cəlb edilmiş 6 yerli sakin daxil olub”, – məlumatda qeyd olunub.
UTX-nin məlumatına görə, kəşfiyyat məlumatlarını toplamaq üçün onlar Ukrayna qoşunlarının yeri və hərəkətinin vizual müşahidəsini həyata keçiriblər. Alınan məlumatlar xüsusi yaradılmış internet platformaları vasitəsilə təsdiqləyici foto və video materiallar ilə birlikdə elektron xəritələrdə koordinatlar şəklində Rusiya tərəfinə ötürülüb.
Bundan əlavə, Pokrovski rayonunda aparılan istintaq-əməliyyat tədbirləri zamanı internetdə təbliğat xarakterli nəşrlər yayan kremlpərəst təşviqatçı saxlanılıb.
Hazırda saxlanılanların hamısına qarşı Ukraynanın dövlət təhlükəsizliyinə qarşı cinayət törətməkdə şübhəli bilinməklə bağlı ittiham irəli sürülüb.