9 C
Baku
Thursday, December 12, 2024

ABŞ-Çin münasibətləri: görünən və görünməyən tərəfləri

Müəllif: Elman Sadıqov
iqtisadçı-eskepert

ABŞ və Çin arasında növbəti daha ciddi gərginliyin şahidi olmaqdayıq. ABŞ və Çin arasında xüsusilə son 50 il ərzində münasibətlər enişli-yoxuşlu olmuş, Çinin son 20 il ərzində daha sürətli yüksəlişi ilə bu gərginlik daha da kəskinləşmişdir. ABŞ-Çin münasibətləri, Tayvanın Çin və ABŞ üçün rolunu daha dərindən anlamaq üçün öncə Çin haqqında bir neçə maraqlı fakta, sonra isə ABŞ və Çin iqtisadiyyatlarının müqayisəli bir neçə göstəricilərinə və qarşılıqlı asılılıqlarına, Çinin digər ölkələr üçün daşıdığı təhlükə və risklərə, Tayvanın nə üçün mübahisə mövzusu olması səbəblərinə nəzər salaq.

Çinin iqtsadi tarixi ilə bağlı maraqlı faktlar

Çinin bu gün dünyanın ən böyük iqtisadiyyatına çevrilməsinin tarixi kökləri vardır. 1820-ci ildə Çinin dünya iqtisadiyyatında payı 35% idi. Həmin vaxt Qərbi Avropa ölkələrinin cəmi payı 20% idi. ABŞ isə ümumiyyətlə böyük iqtisadiyyatlar siyahısında yox idi. Dünya iqtisadiyyatında böyüklüyünə görə 1 və 2-ci yerləri Çin və Hindistan öz aralarında dəyişirdilər. Çin həm də tarix boyu bir çox sahələrdə, ixtiralarda öndə olmuşdur. Məsələn, kağız Çində 1-ci əsrdən, Avropada isə 10-cu əsrdən etibarən istifadə olunmağa başlamışdı. Çində ilk kitab çapı 9-cu əsrdə, dəyişdirilə bilən hərflərlə 11-ci əsrdə, Avropada Gutenberg`in mətbəəsi isə 15-ci əsrdə fəaliyyətə başlamışdır. İlk kağız pul Çində 7-ci əsrdə (Yuan dinastiyasının buraxdığı kağız pullar və inflyasiya haqqında bir məqaləmdə fikirlərimi bildirmişdim), Avropada isə min il sonra 17-ci əsrdən etibarən buraxılmışdı. Metallurgiya və dəmir əritmə Çində e.ə 5-ci əsrdən, Avropada isə 1700 il sonra 12-ci əsrdən etibarən tətbiq olunurdu. Polad istehsalı Çində 12-ci əsrdə, Avropada isə 18-ci əsrdə Sənaye İnqilabı ilə başlamışdı. Barıtı, kompası ixtira etmiş Çin kənd təsərrüfatı, gəmiqayırma və digər sahələrdə dünyanın digər ölkələrindən 100, bəzən 1000 illər öndə olmuşdur.

Çin sözü çin dilində “mərkəzi ölkə” deməkdir. Çin əsrlər boyu özünü dünyanın mərkəzi ölkəsi hesab etmiş və digər bütün ölkələri barbar ölkələr adlandırmışdır (Çinin sümüyünə və qanına hopan bu yanaşma Çini daha yaxından tanıyan (biz hələ yaxşı tanımırıq) ölkələrdə Çindən ehtiyatlanma və məsafəli davranma, bir çox hallarda isə Çinin iqtisadi genişlənməsinə qarşı əks tədbirləri də əhatə edən yanaşmalar tətbiq olunur ki, bunları Çinin müasir iqtisadi siyasətinə və riskərinə toxunarkən daha aydın şəkildə aşağıda görəcəyik).

18-ci əsrdə İngiltərə Çindən başda farfor, çay və ipək olmaqla ən çox məhsul alan ölkələrdən biri idi. Çinlə ticarətində böyük həcmdə mənfi ticarət saldosuna malik olan İngiltərə bu mənfi saldonun (çox sadə dildə desək Çinə valyuta axınının) qarşısını almaq üçün Çinə Hindistandan tiryək gətirməyə başladı. Çində böyük asılılıq yaradan tiryəkə qarşı tələb artdıqca Çin satdığı məhsullar qarşılığında qazandığı qızılın, valyutanın tiryək alışı qarşılığında ölkədən çıxmasına qarşı sərt tədbirlər görməyə başladı (dəyərli oxucular yəqin ki, narkotik vasitələrin ölkələrdə nə üçün yayıldığını və ölkələrin narkotik vasitələrə qarşı mübarizəsinin məhz indi, valyuta çatışmazlıqları və valyuta müharibələri dövründə kəskinləşdiyinin səbəblərini yəqin ki, daha dərindən görməyə başladılar). İngiltərə bu tədbirləri yumşaltmağı tələb etdi və 1839-cu ildə donanmasını Çinin sahillərinə gətirən İngiltərə 1840-cı ildə Çinə qarşı müharibəyə başladı. Bu müharibə tarixə 1-ci tiryək müharibəsi adı ilə düşdü. Bu müharibə Çinin çöküşünün başlanğıcı oldu. 100 ildən çox davam edən bu çöküş Çin tarixində çinlilərin özü tərəfindən “utanc 100 ili” adlandırılır. 1820-ci ildə dünya iqtisadiyyatının 35%-ni təşkil edən Çin 1950-ci ildə dünya iqtisadiyyatında cəmi 5%-lik paya sahib idi.

1949-1976-cı illərdə Çin Kommunist Partiyasının, həm də ölkənin rəhbəri olmuş Mao Zedong vaxtında Çin iqtisadi inkişaf yoluna qədəm qoysa da, bu yol həm sosializm istiqamətli, həm də aclıq, fəlakətlərin də olduğu illəri əhatə edən enişli-yoxuşlu bir yol olmuşdu. Bu günki Çinin iqtisadi inkişafı 1978-ci ildən, ölkədə bazar iqtisadiyyatı modellərinin, kiçik və orta sahibkarlığa yaşıl işıq yandırılması, ixracyönümlü iqtisadiyyatın prioritet elan olunması və bu istiqamətdə konkret addımların atılması ilə başladı. 30 il ərzində illik 10%-dən çox iqtisadi artım göstərən Çin bu gün istehsal, emal, birbaşa investisiya cəlbi sahələrində ABŞ-ı da keçərək dünyanın ən böyük iqtisadiyyatı olmuşdur.

Çin və ABŞ iqtisadiyyatları bu gün

Çinin 2021-ci ildə nominal ÜDM-si 17.7 trilyon dollar, ABŞ-ın nominal ÜDM-si isə 23 trilyon dollar olmuşdur. Lakin, nominal ÜDM-yə görə ABŞ-dan sonra 2-ci yerdə olan Çin, dolların alıcılıq qabiliyyətinə görə (17,7 trilyon dollar alıcılıq qabiliyyətinə görə ABŞ-da 28 trilyon dollara bərabərdir) 1-ci yerdədir. Lakin, ölkədə əhalinin çoxluğu, rifah və digər parametrlərə görə Çin inkişaf etmiş deyil, inkişaf etməkdə olan ölkələr siyahısındadır. Adambaşına düşən nominal ÜDM-yə görə Çin hazırda 59-cu, dolların alıcılıq qabiliyyətinə görə isə 73-cü yerdədir. 2022-ci ildə nominal ÜDM-yə görə Çinin 55-ci, dolların alıcılıq qabiliyyətinə görə isə 60-cı yerlərdə, nominal ÜDM-sinin isə 20 trilyon dollara çatacağı proznozlaşdırılır.

Çinin iqtisadi nailiyyətləri, göstəriciləri haqqında yazsaq məqaləyə deyil, bir kitaba ehtiyac olar. Amma Çinin bu səviyyəyə çatmasında əsas səbəblərə nəzər salaq. Çinin əvvəlcə SSRİ, sonra isə Rusiya ilə yaxınlaşmaması, dünya iqtisadiyyatının daha da böyüməsi məqsədləri üçün məhz yəhudi lobbisi Çinin iqtisadiyyatının inkişafı üçün addımlar atmağa başladı. Bu lobbinin ən böyük 2 mərkəzi olan, ABŞ və Böyük Britaniya Çin iqtisadiyyatının inkişafı üçün əllərindən gələni etdilər. Bu gün Çinin əlində olan 3.2 trilyon (bəzi mənbələrə görə 4 trilyon) dollar həcmində olan valyuta ehtiyatları (valyuta ehtiyatlarının valyutalar və qızıla görə bölgüsü isə dövlət sirridir) məhz ABŞ-ın sayəsində formalaşmışdır. ABŞ-ın Çinlə ticarət balansı hər ay mənfi 25-35 milyard dollar arasında dəyişir. Bu isə illik 300-350 milyard dollar deməkdir (illər ərzində  400 milyard və daha çox olan bu rəqəm son illərdə azalmışdır). Çinin ABŞ-ın xəzinə istiqrazlarına investisiyası hazırda 1 trilyon 39 milyard dollar ətrafındadır. Bu rəqəm 2013-cü ildə 1 trilyon 350 milyard dollar ətrafında idi. Bu istiqrazlar Çinə həm faiz gətirir, həm də Yuanı daha ucuz tutmaq üçün dolların sterilizasiyasına töhfə verir. Bunları satmaqla Çin ABŞ-a ciddi bir zərər vura bilməz. Birincisi, ən pis halda ABŞ sadəcə dollar çap etməklə borcunu ödəyər, ikincisi isə bu istiqrazlar ABŞ-ın cəmi borclarının 3.6%-ni təşkil edir. Çinin ABŞ-da birbaşa və portel investisiyaları da mövcuddur. Lakin, ABŞ şirkətlərinin Çindəki filialları, istehsalları Çin iqtisadiyyatında məşğulluq daxil olmaqla ciddi töhfəyə malikdir. Qeyd olunanlar Çin iqtisadiyyatının ABŞ-dan daha çox asılı olduğunu, Çinin böyüməsində ABŞ və Britaniyanın birbaşa rolunun böyük olduğunu göstərir.

Bəs nə üçün əslində ideya olaraq Britaniyanın, maddi olaraq ABŞ-ın layihəsi adlandırıla biləcək Çinə qarşı son 20 ildən çox bir müddətdir ki, ABŞ kəskin və sərt mövqe sərgiləyir?

Yuxarıda qeyd etdiyimiz kimi, Çin tarix boyu özünü dünyanın mərkəzi ölkəsi kimi görmüşdür. Çin son 20 ildə özünü nəinki Asiyanın, hətta dünyanın mərkəzi ölkəsi kimi gördüyünü iqtisadi və siyasi sahələrdə atdığı addımlarla göstərmişdir. Məhz bu amil Çinin qonşu ölkələrini, hətta Rusiyanı, ABŞ və Britaniyanı, qısaca desək, Hindistan da daxil olmaqla bütün ölkələri ciddi narahat edir. (Cənub Şərqi Asiya ölkələrini tədqiq edərkən, Yaponiya, Cənubi Koreya, Malayziya, Hindistan kimi ölkələrin yüksək səviyyəli iqtisadçıları ilə dialoqlarımız zamanı onların fikirlərində ölkələri üçün narahatlıq hissləri açıq-aydın hiss olunurdu). Bu səbəbdən hətta Rusiya da Çin ilə məsafəli davranmışdır. Çinin ABŞ-dan qazandığı dollarları məhz ABŞ və Britaniyanın mənafelərinə qarşı istifadə etməyə başlaması isə xüsusilə ABŞ-ın səbr kasasını daşdırmışdır. Çinin ayda stansiyalar qurmaq iddiasını irəli sürməsi ABŞ-ın ayla bağlı planlarının pozulması demək idi (yeri gəlmişkən, ABŞ-ın müttəfiqi olan Cənubi Koreya aya bir neçə gün öncə aparatını göndərdi). Ay mövzusu yenidən toxunulmalı olan maraqlı mövzudur. Mövzudan yayınmayaq.

Çin nə üçün ABŞ başda olmaqla dünya ölkələri üçün təhlükəli hesab olunur?

Əvvəla, Çin iqtisadiyyatı ixrac üzərində qurulduğu üçün ixracının azalması və ya mənfi ticarət saldosuna sahib olması iqtisadiyyatın köçməsi deməkdir. Ticarət saldosu isə daha çox ABŞ-dan asılıdır. Çin iqtisadiyyatı ABŞ, Britaniya, Almaniya, Yaponiya, Cənubi Koreya iqtisadiyyatlarından fərqli olaraq geniş (lakin dərin deyil) və kövrək iqtisadiyyata malikdir. İxracı genişləndirmək üçün aqressiv addımlar atır, istər ətrafında olan, istərsə də digər (Afrika ölkələri və sair) ölkələrə investisiyalar, ticarət əlaqələri zamanı ixracı aqressiv siyasətlə genişləndirməklə həmin ölkələrdə istehsalı, emalı zəiflədir. Çin aqressiv genişlənmə planları ilə (Bir kəmər, bir yol layihəsi də bunlardan biridir) ABŞ və Britaniyanın nüfuz dairələrini daraldır. Bir fakt. Çini bizdən dəfələrlə yaxşı tanıyan qonşu ölkələrinin istisnasız olaraq hamısı Çinlə əməkdaşlıqdan daha çox ABŞ və Avropa ilə əməkdaşlığı üstün tutur və bu ölkələr daha sağlam böyüyərək inkişaf edə bilirlər. Dəfələrlə vurğuladığım kimi, Çinə simpatiyanın yalnız bir səbəbi ola bilər: Çini yaxşı tanımamaq. Konkret olaraq Çinin başqa hansı təhlükəli addımlarını, siyasətini qeyd etmək olar? Çin ABŞ-dan fərqli olaraq, borc verərkən aşağı faizlə, lakin ağır şərtlərlə və ən əsası girovla borc verir. Bu gün Çinin borcunu qaytara bilməyən bir neçə ölkə öz limanlarını, dövlətin strateji əhəmiyyət daşıyan obyektlərini Çinin ixtiyarına verməyə məcbur olmuşdur. Bu amil Dünya Bankı, Beynəlxalq Valyuta Fondunu da narahat edir və bunun dünyanın iqtisadi sabitliyinə və sisteminə xələl gətirəcəyini bildirirlər. Məqalə və televiziya çıxışlarımı izləyən dəyərli oxucular, hazırda savaşların məhz yeni düzəndə yeni ticarət marşrutları, yolları və limanlarının olduğu ölkələrdə baş verəcəyini vurğuladığımı xatırlaya bilərlər. (Bu proses sadəcə olaraq indi daha kəskin və açıq fazaya qədəm qoyub). Çinə ən çox borcu olan ölkə 74.7 milyard dollarla Venesueladır. ABŞ-ın ciddi sanksiya və nəzarəti olmasa Çin bu ölkənin liman və neft mədənlərini çoxdan götürərdi. Narahat edən başqa bir məqam. Strateji müttəfiqimiz olan qardaş Pakistan 2021-2022-ci maliyyə ilində Çinə 4.5 milyard dollar borcu üçün 150 milyon dollar faiz ödəmişdir. Çin 2023-cü ilin noyabr ayına qədər əlavə olaraq əsas borc məbləğindən 55.6 milyon dollar ödəməni tələb edərək güzəştə getməyəcəyini bildirir. Pakistan iqtisadiyyatında hazırda ciddi problemlər formalaşmaqdadır və bu günlərdə iflas olmuş Şri-Lankanın aqibətini yaşama ehtimalı narahatlıq doğurur. Cəmi 2 milyard dollar valyuta ehtiyatı olan Şri-Lankanın xarici borcu 7 milyard dollardır və bunun 1-milyard dollarının vaxtı iyul ayında bitirdi. Şri-Lanka borcunu ödəyə bilmədi. Çin 2017-ci ildə Şri-Lankanın bir limanını da ödənməyən borc müqabilində öz sərəncamına götürüb. Bu borclar “Bir kəmər, bir yol” layihəsi çərçivəsində Şri-Lankaya verilmişdi. “Bir kəmər, bir yol” layihəsi ilə bağlı fikirlərimi əks etdirən verilişdə məhz bu riskləri vurğulamışdım. Çinin kasıb ölkələrə yüksək məbləğdə borc verərək (bu borcun qaytarılmayacağını bilir, məhz belə borclar verir və vaxtı bitib ödənilməsində çətinlik olan borcların restrukturizasiyasına razı olmur) həmin ölkələrin əslində liman və infrastruktuna, öz nüfuz dairəsinə alma planlarını isbatlayan faktlar çoxdur. Çinin borc verdiyi bir neçə ölkə və rəqəmlər: Anqola ($25 milyard), Efiopiya ($13.5 milyard), Zambiya ($7.4 milyard), Konqo Respublikası ($7.3 milyard) və Sudan ($6.4 milyard).

Digər ölkələr üçün ən böyük başqa bir tələ və ya təhlükə Çinin öz iqtisadiyyatında tətbiq etdiyi ayrı-ayrı siyasətlərin digər ölkələr tərəfindən bir çox hallarda fraqmental olaraq təəssüf ki, ölçülüb biçilmədən tətbiq olunmasıdır (əlbəttə, bəzi model və iqtisadi qərarlar müsbət nəticə verərək istisna ola bilir). Məsələn, “Qur, işlət, təslim et” modeli. Türkiyə bir müddət bu modeldən uzaq dursa da (70-ci illərdən etibarən ayrı-ayrı vaxtlarda tətbiq olunub) son 20 ildə bu model daha çox tətbiq olunmağa başladı və hazırda Türkiyə büdcəsi üçün ciddi miqdarlarda əlavə xərclərə səbəb olmuşdur. Aldadıcı faktor bu modelin Çində müvəffəqiyyətli tətbiqidir. Yəni, Çində məsələn bir körpünü tikən şirkətdə dövlətin payı mövcuddur. Şirkət həmin körpünü tikərkən şərtlər yerli valyuta ilə müəyyənləşir. Əhalinin çoxluğu səbəbindən adətən nəzərdə tutulduğundan çox istifadəçi olur. Olmasa da, ödənən məbləğ yerli valyuta ilə dövlətin payı olan şirkətə ödənir və həmin şirkətdən bir hissəsi yenidən büdcəyə qayıdır. Təəssüf ki, qardaş Türkiyədə bu risklərin hamısı yüksəkdir. Özəl şirkətlər, dollar və avro ilə bağlanan müqavilələr, az istifadəçi, az dövriyyə isə yüksək qiymət və yüksək maliyyət, nəticədə daha çox büdcə xərci deməkdir.

Digər bir mexanizm olan kurs qorumalı depozitlər (kur korumalı mevduat) və ya dolların dövriyyəsini məhdudlaşdıran mexanizmlər. Çin bu mexanizmləri ölkəyə axan birbaşa investisiyalar, ixrac hesabına tənzimləyir, riskəri yumşaldır. Əks halda, bu mexanizmlər iqtisadiyyatı boğan və yığılaraq bir gün partlayışa çevriləcək bir xərc yükü olar. Çin iqtisadiyyatında fərqli və bir çox hallarda aldadıcı mexanizmlər tətbiq edilir. Məsələn, Çinin daxili və xarici cəmi borcu ÜDM-sinin 250%-i həcmindədir. Bunu çox adam bilmir. Amma bildiyimiz budur ki, Çinin xarici borcu 13 trilyon dollardır (ÜDM-nin 73%-i) ki, bu da ABŞ-ın 30 trilyon dollar olaraq səsləndirilən borcundan 2 dəfədən çox azdır. Bəs daxili borc haradan yığılıb? 2008-2012-ci illərdə Çin də dəstək paketləri tətbiq etdi. Lakin, ABŞ-dan fərqli olaraq bu dəstək paketlərini iqtisadiyyata yerli dövlət şirkətləri vasitəsilə, yəni onları borclandırmaqla buraxdı. Nəticədə, mərkəzi hökumətin guya borcu azdır, lakin diqqətdən kənarda qalan yerli dövlət şirkətlərinin borc yükü çox yüksəkdir ki, bunların da ödənməməsi nəticə etibarilə ən yaxşı halda büdcədən çıxacaq xərclərdir. Ən pis halda isə borc böhranıdır ki, bu yaxınlarda əmlak sektorunda Evergrande Group`un daşınmaz əmlak (əslində digər sahələrdə də böyük dövriyyələri olan holdinq) sektorundakı zərərləri və daşınmaz əmlak sektorunda baş verəcək böhranın hökumətin yardımı (xərci) ilə nisbətən təxirə salındığının şahidi olduq. Qısaca desək, Çin iqtisadiyyatı spesifik, kənardan göründüyü kimi möhkəm olmayan, kövrək, amma böyük (bu şəkildə böyüklük də risklidir. Bu böyüklük həm də çökərkən ağır nəticələrlə çökmə deməkdir) iqtisadiyyatdır. Məsələlərin dərinliyinə endikcə bir daha əmin oluruq ki, hər şey göründüyü kimi deyil…

Ardı növbəti yazıda..

Son xəbərlər
Digər xəbərlər