ABŞ Prezidenti Cozef Baydenin administrasiyası Əfqanıstan Mərkəzi Bankının ABŞ-da saxlanılan, təxminən, 7 milyard dollarlıq aktivlərini qaytarmamaq qərarına gəlib və bu məsələ ilə bağlı “Taliban”la danışıqları dayandırıb.
Bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Nəşrin məlumatına əsasən, Əfqanıstanda “Əl-Qaidə” terror təşkilatının lideri Ayman əl-Zəvahiri öldürüldükdən sonra ABŞ “Taliban” radikal hərəkatının rəhbərlik etdiyi Əfqanıstan hökuməti ilə aktivlərin qaytarılması ilə bağlı danışıqları dayandırıb.
Bundan başqa, ABŞ tərəfi Əfqanıstan iqtisadiyyatını sabitləşdirmək üçün vəsaitin bir hissəsinin yardım və digər əməliyyatlar üçün istifadəsini istisna edib.
Nəşr qeyd edir ki, hazırda Əfqanıstan Mərkəzi Bankının inflyasiyanın qarşısını almaq, məzənnəni sabitləşdirmək və “qeyri-sağlam iqtisadiyyatı” dirçəltmək üçün dondurulmuş xarici aktivlərə ehtiyacı var.