10 C
Baku
Wednesday, December 11, 2024

Laçın və Xocalıda meşələrin yandırılması ilə bağlı cinayət işi başlanıb

Bir sıra media və sosial şəbəkə səhifələrində Azərbaycanın Laçın, Xocalı və digər rayonlarında ekoloji mühiti çirkləndirməklə ekosistemə zərər vurmaq məqsədilə müxtəlif yandırıcı material və maddələrdən istifadə edilərək meşələrin, yaşayış evlərinin yandırılmasını əks etdirən videogörüntülər və fotolar yayılıb. Yayımlanan məlumatlarla bağlı Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən dərhal araşdırmalara başlanaraq həmin cinayətlərin kimlər tərəfindən törədilməsinin müəyyən edilməsi istiqamətində müvafiq prosessual hərəkətlər yerinə yetirilib.

Banker.az Baş Prokurorluğa istinadən xəbər verir ki, ilkin araşdırmalarla həmin yanğın hadisələrinin Azərbaycanın Laçın, Xocalı rayonlarının ərazisində törədilməsi və qısa müddətdə yanğınların lokallaşdırılaraq ətraf ərazilərə yayılmasının qarşısının alınması müəyyən edilib.

Qeyd olunan faktlarla bağlı İstintaq idarəsində Cinayət Məcəlləsinin 282.1 (təxribat) və 186.2.2-ci (yandırmaqla və ya başqa ümumi təhlükəli üsulla özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə) maddələri ilə cinayət işi başlanmaqla hazırda təxirəsalınmaz istintaq hərəkətlərinin icrası davam etdirilir.

Baş Pprokurorluğun bəyanatında deyilir: “Azərbaycan Respublikasının ərazilərində “Canlı təbiətin və təbii mühitin qorunması haqqında” 1979-cu il tarixli Avropa konvensiyanın tələblərini kobud şəkildə pozaraq ətraf mühitə qəsd edən geniş, uzun sürən və ciddi ziyan vurmaq məqsədilə təbii sərvət hesab edilən qiymətli və çoxillik ağacları olan meşələri qəsdən məhv etməklə ekoloji terrorçuluq törədənlərin müəyyən edilərək cinayət məsulliyətinə cəlb edilməsi istiqamətində qanunamüvafiq bütün tədbirlər görüləcəkdir”.

Son xəbərlər
Digər xəbərlər