Şabran rayonunun Zeyvə kəndində baş vermiş yanğın söndürülüb.
Bu barədə Zeyvə kənd icra nümayəndəsi Cavid Məmmədov məlumat verib.
Onun sözlərinə görə, kənd ərazində təxminən 100 hektara yaxın meşə massivi, kol-kos yanıb:
“Evlərə ziyan dəyməyib. Yalnız meşə ərazilərinə ciddi ziyan dəyib. Həmin ərazilər də ötən gecə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən söndürülüb”.
C.Məmmədov söyləyib ki, ötən gecədən kənd ərazisində elektrik təchizatı bərpa edilib:
“Bu gün isə qaz təchizatı bərpa olunacaq”.
İcra nümayəndəsi bildirib ki, rayonun Pirəbədil, Sumağava, Sumağava Qazma Zöhramı kəndlərində baş verən yanğınlar da söndürülüb.
Fövqəladə Hallar Nazirliyinin ərazidə olan əməkdaşları isə deyib ki, Şabran rayonunda baş verən yanğınların çox hissəsi söndürülüb, yalnız Çuxurazəmi kəndindəki meşə massivində tədbirlər davam edir.
Qeyd edək ki, Şabran rayonu ərazisində yanğınlar avqustun 15-dən etibarən başlayıb.