10 C
Baku
Friday, December 13, 2024

Ərzaqlıq buğda sahəsində idxaldan asılılığımız azalacaq?

Ərzaqlıq buğda istehsal edə biləcək potensial təsərrüfatların müəyyənləşdirilməsinə başlanılıb. Sahəsi 50 hektardan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş təsərrüfatların rəhbərləri ilə müqavilələr bağlanılacaq. Atılan addımlar idxaldan asılılığımızı 82 faiz azaltmağa imkan verəcək.

Qlobal ərzaq böhranının təsir gücünü azaltmaq üçün dünyanın bir çox ölkələri yerli istehsalı stimullaşdıran layihələrə start veriblər. Xüsusilə, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra  ərzaqlıq taxıl qıtlığı gözləntiləri fonunda daxili potensialı öyrənmək və onu dəstəkləmək dövlətlərin başlıca prioriteti olub. Azərbaycanda da ərzaqlıq buğdada idxaldan asılılığı azaltmaq məqsədilə dövlətin dəstəklədiyi layihələr və proqramlar icra edilməyə başlanılıb. Belə ki, Kənd Təsərrüfatı Nazirliyi “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” ölkə prezidentinin 19 iyul 2022-ci il tarixli fərmanının icrası – buğda istehsalının stimullaşdırılması məqsədilə müqavilələrin bağlanılması üçün fermerlərə müraciət edib. Müraciətə əsasən, fərmandan irəli gələn məsələlərin həlli ilə əlaqədar ərzaqlıq buğda istehsal edə biləcək potensial təsərrüfatların müəyyənləşdirilməsinə başlanılıb.

 

Belə ki, sahəsi 50 hektardan böyük, ərazisi bir massivdə yerləşən, pivot suvarma sistemləri qurulmuş və yaxud qurulması planlaşdırılan təsərrüfatların rəhbərləri ilə müqavilə bağlanacaq.

 

Maraqlıdır ki, atılan bu addım ərzaqlıq buğda ilə bağlı yaranmış problemin qarşısını almaq üçün nə qədər effektlidir? Yaradılan şərait bu sahədə stimullaşdırıcı rol oynayacaqmı?

“Tələbatı idxal hesabına ödəyən ölkələr addım atmağa başlayıb”

Mövzu ilə bağlı “Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Azər Badamov bildirdi ki, bu gün dünyanı ən çox narahat edən məsələlərdən biri taxıl qıtlığının yaşanmasıdır: “Rusiya-Ukrayna müharibəsi qlobal taxıl bazarlarındakı çatı daha da dərinləşdirib. Düzdür, İstanbul razılaşmasına əsasən, Ukrayna taxılı xarici bazarlara daxil olmağa başlayıb. Amma hadisələrin gələcəkdə yenidən hansı məcrada davam edəcəyi heç kimə məlum deyil. Ona görə də daxili tələbatını idxal hesabına ödəyən ölkələr müxtəlif addımlar atmağa başlayıb ki, qıtlıqla üzləşməsinlər”.

“İdxaldan asılılığımızı 82 faiz azaltmağa imkan verəcək”

Deputat vurğuladı ki, Azərbaycan da taxıl idxalından asılı ölkədir: “Düzdür, idxalımızın 95 faizi Rusiyadan olduğundan idxalla bağlı bir çətinliyimiz yoxdur. Bu gün ölkəmizdə kifayət qədər taxıl ehtiyatı formalaşıb. Amma qlobal bazarlarda taxılın qiymətlərində yenidən artımlar baş verərsə, daxil bazarlarda da bunun baş verməsi qaçılmazdır. Ərzaqlıq buğda təminatı ilə bağlı daxili bazarımızı xarici təsirlərdən sığortalamaq üçün dövlət başçımızın tapşırığı ilə bir sıra tədbirlər görülür. Cənab Prezident 19 iyulda bununla bağlı fərman da imzalayıb. Bu fərman çox əhatəlidir və yaxın 3-5 ildə ölkəmizdə ərzaqlıq buğda istehsalının orta məhsuldarlığının kəskin artırılmasına hesablanıb. Yəni ərzaqlıq buğdanın əkilməsi üçün mövcud potensialdan düzgün istifadə olunması idxaldan asılılığımızı 82 faiz azaltmağa imkan verəcək. Belə ki, müvafiq fərmana əsasən, növbəti 5 ildə pivot suvarma sistemləri quraraq, ərzaqlıq buğda istehsalı ilə bağlı öhdəlik götürərək Kənd Təsərrüfatı Nazirliyi ilə müqavilə bağlayacaq fermerlərə yeni dövlət dəstəyi mexanizmi tətbiq olunacaq. Həm də bu fərmana əsasən, ərzaqlıq buğdanın dövlət tədarükü qiyməti müəyyənləşdiriləcək. Bu da fermerlərin taxıl yığımı zamanı qiymətlə bağlı narahatlıqlarının aradan qalxmasına imkan verəcək. Bununla yanaşı, əkin sahələrində tətbiq olunacaq pivot suvarma sistemlərin qurulmasına da dövlət tərəfindən dəstək göstəriləcək”.

“Qıtlıq və qiymət artımı problemindən sığortalanmış olacağıq”

A.Badamov qeyd etdi ki, dəstək tədbirləri ölkəmizdə ərzaqlıq buğda istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarının formalaşmasına yol açacaq: “İşğaldan azad olunmuş ərazilərin dövriyyəyə qaytarılması və növbəti ildə 100 min hektardan çox ərazidə ərzaqlıq buğdanın müasir üsullarla becərilməsinin nəzərdə tutulması və digər regionlarda fermerlərin stimullaşdırılması sayəsində yaxın 3-5 ildə ölkəmizin ərzaqlıq buğda idxalından asılılığı kəskin şəkildə azaldılacaq. Daxili bazar yerli istehsalla təmin olunduqca qıtlıq və qiymət artımı problemindən sığortalanmış olacağıq”.

“Standartlara cavab verən məhsulun yetişməsi təmin olunmalıdır”

Kənd təsərrüfatı üzrə ekspert Cəfər İbrahimli bildirdi ki, hazırda ölkədə ərzaqlıq buğdanın nə qədər istehsal olunduğunu demək çətindir: “Çünki bunun uçotu dəqiq aparılmayıb. Bildiyimiz yalnız odur ki, ərzaqlıq buğdanın bir hissəsi Rusiyadan idxal olunur. Bundan sonra dövlət düşünür ki, konkret ərzaq buğdası istehsal olunsun və qeydiyyata alınsın. Həmin məhsul həm Dövlət Taxıl Fonduna daxil edilsin, həm də dəyirmanlar tərəfindən istifadə olunsun. Həm də nəzərdə tutulur ki, fermerlərlə əvvəlcədən müqavilə bağlansın və müasir suvarma sistemləri olan təsərrüfatların istehsal etdiyi məhsul ərzaqlıq buğda kimi alınsın. Amma nəzərə almaq lazımdır ki, müasir suvarma sisteminin olması buğdanın ərzaqlıq və ya qeyri-ərzaqlıq olması məsələsini həll etmir. Buğdanın ərzaqlıq olması üçün torpaqdan tutmuş toxumuna qədər və eləcə də aqrotexniki qaydalar bir-birini tamamlamalıdır. İndi hələ ki su aspektindən yanaşılıb və bu il müasir suvarma sistemləri olan fermerlərlə müqavilələr imzalanacaq. Növbəti ildə sadəcə suvarma sistemi olan təsərrüfatlardan nə qədər ərzaqlıq buğda alındığı bəlli olacaq. Bundan sonra növbəti mərhələlərə keçid ediləcək”.

“Əlavə məhsul subsidiyası da veriləcəyi gözlənilir”

C.İbrahimli qeyd etdi ki, ərzaqlıq buğdadan asılı olmayaraq digər fermerlərə də əkin subsidiyaları veriləcək: “Ərzaqlıq buğda yetişdirənlərə əlavə məhsul subsidiyası da veriləcəyi gözlənilir. Amma hələlik bu mexanizm tam dəqiq deyil. Bu subsidiyanın xaricdən gələn malların qiymətlərinə uyğun hesablanacağı göstərilib və məhsul yığımından sonra veriləcəyinin şahidi olacağıq”.

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər