9 C
Baku
Tuesday, December 24, 2024

Regionda dəyişən reallıqlar Nursultan və Bakını yaxınlaşdırır: Tokayevin Bakıya səfəri nə vəd edir?

Müstəqillik dövründən bəri yüksəlişdə olan Azərbaycan-Qazaxıstan münasibətlərinin yeni inkişaf mərhələsi üçün tarixi fürsət yaranıb. Fevral ayında Rusiyanın Ukraynaya hücum etməsi ilə başlayan müharibədə hər iki post-sovet ölkəsi Ukraynanın suverenliyini və ərazi bütövlüyünü yalnız sözdə deyil, həm də atdıqları hər addımda açıq şəkildə dəstəkləyir. Hər iki ölkənin çoxvektorlu və balanslaşdırılmış xarici siyasəti Kremlin köhnə oyun qaydalarına meydan oxumaqla yanaşı, Qərb və Rusiya arasında neytral mövqeni saxlayır. Müharibənin ikinci həftəsində Qazaxıstan prezidenti Qasım-Comərd Tokayev həm Putinlə, həm də Zelenski ilə telefon danışığı zamanı münaqişənin sülh yolu ilə həll edilməsinin vacibliyini vurğulayıb. Bir sıra qərb dövlətləri tərəfindən cəsarətli nitq kimi dəyərləndirilən Tokayevin çıxışı-həmkarı Vladimir Putinində iştirak etdiyi Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda qondarma “Donetsk” və “Luqansk” Xalq Respublikalarını tanımayacaqlarını bəyan etməsini nəzərdə tuturdu.

Rəsmi Bakı da öz növbəsində Rusiya-Ukrayna danışıqlar prosesinə ev sahibliyi etməyə hazır olduğunu bildirmişdir. Müharibənin gedişatında Azərbaycan Ukrayna xalqına milyonlarla dəyəri olan humanitar yardım və tibbi ləvazimatlar göndərməkdə davam edir.

Rusiyanın beynəlxalq münasibətlərdə küncə sıxılmasından sonra Putinin “təsir dairəsi” hesab etdiyi bu iki dövlətin bu vəziyyətdən maksimum yararlanması Moskvanı qıcıqlandırmaya bilməzdi.

Müharibə başlayandan Qazaxıstan neftinin üçdə ikisindən çoxunun daşındığı Xəzər Boru Kəməri Konsorsium (CPC) marşrut xətti müxtəlif səbəblərdən (ekoloji pozuntu, gəmi əleyhinə minaların tapılması) artıq 3 dəfə tam və ya qismən qazaxların üzünə bağlanıb. Sonuncu dəfə qlobal enerji bazarının sabitləşdirilməsi üçün Aİ-Qazaxıstan danışıqlarından dərhal sonra, yəni iyulun 5-də Rusiya bir aylıq müddətinə boru kəmərinin istifadəsini qadağan edib.

Göründüyü kimi, Mərkəzi Asiyanın və Cənubi Qafqazın əsas strateji aktorlarının Rusiya-Ukrayna müharibəsində eyni mövqedən çıxış etməsi və fürsət tapdıqca Ukraynaya dəstək göstərməsi Bakı ilə Nursultanı bir-birinə yaxınlaşdıran əsas amillərdən biridir.

Rusiya-Ukrayna müharibəsinin daha şiddətli və genişmiqyaslı xarakter alması Qərbin Rusiyaya rekord sayda sanksiya tətbiq etməsinə səbəb oldu. Nəticədə Rusiya tranzit ölkə kimi öz potensialını məhdudlaşdırdı və şimaldan keçən nəqliyyat dəhlizləri əhəmiyyətli dərəcədə öz rolunu itirdi. Buna görə də Mərkəzi Asiya ölkələri, Türkiyə, Aİ və Çin kimi qlobal və regional güclər tədarük zəncirini bərpa etmək üçün alternativ nəqliyyat dəhlizlərinə maraq göstərməyə başladılar. Bu perspektivdə Şərq və Qərbi birləşdirən, qədim İpək Yolunun bir hissəsi olan Orta Dəhlizin aktuallığı artdı. Orta Dəhliz adlandırılan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu türk dövlətlərinə, o cümlədən Azərbaycan və Qazaxıstana daha çox qazanc vəd edir. Mayın 10-da Türkiyəyə səfəri zamanı Tokayev Rusiyadan yan keçən Orta Dəhlizin potensialınının maksimum dərəcədə artırılmasının xüsusi vacibliyini vurğulayıb. Qazaxıstanı logistika mərkəzinə çevirən bu marşrut Nursultan üçün çox əhəmiyyətli görünür. Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Türkiyəni birləşdirən Orta dəhliz Çin və Türkiyə arasında olan yükdaşımaların 1 aylıq müddətini 12 günə qədər azaldaraq logistika gücünə çevrilir. İkitərəfli görüşdə R.T.Ərdoğan “Ukraynadakı müharibə türk dövlətləri arasında həm ikitərəfli səviyyədə, həm də Türk Dövlətləri Təşkilatı çərçivəsində həmrəyliyin və əməkdaşlığın vacibliyini bir daha göstərdi”- fikrini səsləndirərək, gələcəkdə Azərbaycanın üçtərəfli ittifaqlar strategiyasında – ((Azərbaycan-Türkiyə-Türkmənistan), (Azərbaycan-Türkiyə-Pakistan)) əsas rol oynayan Türkiyə ilə yanaşı üçüncü tərəfin Qazaxıstan ola biləcəyinə işarə etdi.

Avrasiyanın əsas tranzit marşrutuna çevrilməkdə olan Orta Dəhlizin artan inkişaf perspektivi fonunda “Azərbaycan Dəmir Yolları” QSC-in əməkdaşları və Qazaxıstanın Azərbaycanda səfərdə olan nümayəndə heyəti arasında baş tutan görüşü çox məhsuldar hesab etmək olar. Görüşdə hər iki ölkənin nəqliyyat, tranzit, logistika imkanları, o cümlədən dəmir yolları şəbəkəsinin genişləndirilməsi, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun gələcək potensialı və Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyəti müzakirə mövzusu olub. Bu görüşün ardınca, iyulun 27-də rəsmi Bakının təşəbbüsü ilə Azərbaycan, Türkiyə, Qazaxıstan XİN rəhbərləri və nəqliyyat sahəsi üzrə məsul şəxslərinin üçtərəfli formatda görüşü baş tutub. Dünyada qlobal enerji və ərzaq böhranın yaşandığını, digər tərəfdən regiondakı sabitliyə və inkişafa təhdidlərin olduğunu nəzərə alsaq, hər 3 ölkənin bu görüşdə maraqlı olduğunu anlamaq olar. Tərəflər Asiya-Avropa ticarət əlaqələrinin inkişafı üçün Orta Dəhliz marşrutunun Azərbaycan-Türkiyə-Qazaxıstandan keçən hissəsində yükdaşımaların həcminin artırılması və nəqliyyat dəhlizinin şaxələndirilməsinin önəmini vurğulayıblar. Üçtərəfli görüş nəticəsində imzalanan Bakı Bəyannaməsində də qeyd olunduğu kimi, Orta Dəhliz marşrutunun tərkib hissəsi kimi Zəngəzur dəhlizinin açılması böyük perspektiv kəsb edəcəkdir. Təhlillərə görə, Zəngəzur dəhlizi Azərbaycan və ona aid olan Naxçıvanı birləşdirməkdən savayı, Şimal-Cənub və Şərq-Qərb tranzit yolları arasında mühüm əlaqə yaradacaqdır.

Cari ilin ilk 6 ayı ərzində Qazaxıstanın Aktau dəniz ticarət limanından 1,2 milyondan çox yük, fevral və aprel aylarında isə uyğun olaraq, 1657 TEU (iyirmi fut ekvivalent vahidi) və 3099 TEU konteynerlər Orta Dəhliz vasitəsi ilə daşınıb. İlin sonlarına doğru bu rəqəmin 6 dəfə artacağı gözlənilir. Qazaxıstan neftinin əhəmiyyətli hissəsinin – gündəlik 100 000 barel və ya Xəzər Boru Kəməri Konsorsium (CPC) ilə daşınan “qara qızıl”ın təqribən 8 faizinin Bakı-Tbilisi-Ceyhan (BTC) vasitəsi ilə nəql olunması üçün Qazaxıstan dövlət neft şirkəti “Kazmunayqaz” və “SOCAR” arasında danışıqlar aparılır. Yekun nəticə Qazaxıstanın illik 1,5 milyon neftini Orta Dəhlizin əsas qolu olan BTC kəməri ilə dünya bazarına çıxarılmasını nəzərdə tutur.

Azərbaycan Asiyadan Avropaya enerji resurslarının nəql olunmasında körpü rolunu oynamaqla yanaşı, Türkiyənin Mərkəzi Asiyaya açılan “pəncərəsi” kimi regionda tranzit ölkə baxımından öz çəkisini artırır. II Qarabağ müharibəsinin taleyinə birbaşa təsir edən Türkiyə istehsalı pilotsuz uçuş aparatları Qazaxıstanda daxil olmaqla Mərkəzi Asiyanın türk dövlətlərinin diqqətini çəkmişdi. Keçən il Qırğızıstan və Türkiyə arasında bağlanmış müqaviləyə görə qeyri- müəyyən sayda Bayraktar-TB2 (PUA) Qırğızıstan Silahlı Qüvvələrinin tabeçiliyinə verilmişdi. Həmin ilin noyabr ayında isə Qazaxıstan 3 ədəd Türkiyə Aerokosmik Sənayesinin (TAİ) istehsalı olan pilotsuz döyüş təyyarəsi ANKA almışdır. Razılaşmaya əsasən, 2023-cü ilə qədər daha 3 ədəd ANKA Qazaxıstan Silahlı Qüvvələrinin ixtiyarına verilməli idi. Lakin Tokayevin Ankaraya səfəri zamanı sövdələşmə yeni razılaqla əvəz olundu. Türkiyənin TUSAŞ və Qazaxıstan Mühəndislik Şirkətlərinin birgə əməkdaşlığı çərçivəsində PUA-lar birgə istehsal olunacaq və istehsal texnologiyaları Qazaxıstana da veriləcək. Bununla da, Qazaxıstan Ankara ilə birlikdə Türkiyədən kənarda ANKA istehsal edən ilk ölkə olacaq.

Azərbaycan və Qazaxıstan dövlətləri arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyində yaranan yeni imkanlar qardaş ölkələri bir-birinə daha da yaxınlaşdıracaq. 2022-ci ilin geridə qalan altı ayına dair müşavirədə prezident İlham Əliyev Özbəkistana və Türkmənistana baş tutmuş səfərlərini, gələn ay isə Qazaxıstan Respublikasının prezidenti Qasım-Comərd Tokayevin Bakıya səfər edəcəyini qeyd edərək, bu görüşlərin Türk Dövlətləri Təşkilatı çərçivəsində Azərbaycanın fəallığının göstəricisi olduğunu demişdir.

Son günlərdə gündəmi zəbt edən Azərbaycanın Londondakı Səfirliyinə radikalların hücum etməsi xəbərlərindən sonra bu hadisəyə ilk reaksiya verən ölkələrdən biri də Qazaxıstan idi. Səfirliyə qarşı törədilən təxribat aktının yolverilməz olduğunu qeyd edən Qazaxıstan XİN qardaş dövlətə hərtərəfli dəstək verməyə hazır olduqlarını bildirib.

Avqust ayının sonlarına yaxın Qazaxıstan prezidenti Qasım-Comərd Tokayevin Bakıya rəsmi səfəri gözlənilir. Regionda dəyişən reallıqlar fonunda ikitərəfli görüşdə ölkələr arasında strateji tərəfdaşlığın inkişafı və hərtərəfli əməkdaşlığın genişləndirilməsi dövlət başçılarının diqqət mərkəzində olacaq. Prezidentlər səviyyəsində görüş Azərbaycan-Qazaxıstan münasibətlərinin artan inkişaf tempinə təkan verməklə yanaşı, iki ölkə arasında siyasi, iqtisadi, hərbi, nəqliyyat və s. digər sahələri əhatə edən əməkdaşlıq bəyannaməsinin imzalanması proqnozlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər