Dünyada davam edən böhranlar müxtəlif sahələrdə “bolluq” dövrünün sona çatması ilə nəticələnib və cəmiyyət onların nəticələrinin aradan qaldırılmasının əvəzini ödəməyə hazır olmalıdır. Bunu çərşənbə günü yay fasiləsindən sonra Nazirlər Şurasının ilk iclasını açan Fransa Prezidenti Emmanuel Makron deyib.
Banker.az bu barədə “TASS”a istinadən xəbər verir.
“Hesab edirəm ki, biz sarsıntılı bir dövrdə yaşayırıq. Biz son illərdə bolluq dövrünün sona çatması ilə qarşılaşırıq”, – deyə Makron söyləyib.
Onun sözlərinə görə, bu, ilk növbədə, “daim mövcud olan” texnoloji məhsullar sahəsində özünü göstərir. Dəyər zəncirinin pozulmasından və “texnoloji materialların” çatışmazlığından danışan dövlət başçısı bunun ölkə büdcəsi üçün nəticələrinin olacağını bildirib. O, həmçinin “torpaq və hətta suyun bolluğunun bitdiyini” elan edib. “Biz fəsadların qarşısını almaq üçün bütün tədbirləri görməliyik”, – prezident vurğulayıb.
Böhranlar arasında Makron Fransada geniş əraziləri bürümüş meşə yanğınlarını, həm Fransada, həm də xaricdə quraqlıq və təhlükəsizlik vəziyyətini qeyd edib. Ayrı-ayrılıqda o, Fransanı Afrika Sahelindəki qüvvələrini yenidən təşkil etməyə məcbur edən “Malidəki dəyişiklikləri”, eləcə də Ukraynadakı münaqişəni qeyd edib. O, həmçinin rəqəmsal sferada da daxil olmaqla yeni risklərin yarandığını açıqlayıb.