İsveç Ukraynaya əlavə 1 milyard kron (təxminən 100 milyon dollar) məbləğində yardım paketi təqdim etməyi planlaşdırır ki, bunun da yarısı hərbi dəstəyə gedəcək. Bunu ölkənin baş naziri Maqdalena Andersson Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə mətbuat konfransında deyib.
Banker.az bu barədə “Vedomosti”yə istinadən xəbər verir.
“Bir milyard kron dəyərində yeni dəstək paketi istifadəyə veriləcək. Bu məbləğin 500 milyon kronu hərbi dəstəyə sərf olunacaq. Yaxın vaxtlarda rəsmi qərar veriləcək”, – mesajda deyilir.
İsveç müharibə başlayandan Ukraynaya hərbi, iqtisadi və siyasi dəstək verir. Mart ayında İsveç parlamenti 5000 birdəfəlik tank əleyhinə qumbaraatan və minaatanlardan ibarət 205 milyon kron (21.7 milyon dollar) dəyərində hərbi paketi təsdiqləyib.
Daha sonra əlavə 413.5 milyon kron (43.53 milyon dollar) vəsait ayrılıb. Yeni hərbi yardım paketinə zirehlər, dəbilqələr, birdəfəlik qumbaraatanlar daxildir. İsveç həmçinin Kiyevə Robot 17 qısa mənzilli gəmi əleyhinə raket kompleksləri və avtomatik tüfənglər təqdim edib. Bundan əlavə, Ukrayna Mərkəzi Bankı İsveçdən 578 milyon kron (57.8 milyon dollardan çox) alıb.