Son statistik araşdırmalar nəticəsində məlum olub ki, Almaniya Federativ Respublikasında gənclərin sayı rekord dərəcədə azalıb.
Almaniya Federal Statistika İdarəsinin bu gün dərc edilmiş hesabatında 15-24 yaşlı insanların ölkə əhalisinin cəmi 10 faizini təşkil etməsi bildirilir. Yaşı 65-i keçmiş vətəndaşların sayı isə ikiqat çoxdur. Bununla bərabər qeyd edilir ki, Almaniyada doğum göstəricisi azalmaqda davam edir. Nəticədə dövlət pensiya sistemi büdcəyə güclü təzyiq edir.
Hakim koalisiya bu problemin həll yolu kimi keçən həftə pensiya yaşının artırılaraq 70-ə çatdırılmasını təklif edib. Lakin maraqlıdır ki, bu təklif parlamentdə deyil, KİV-də, özü də çox ehtiyatlı formada irəli sürülüb. Bununla əlaqədar hələ avqustun əvvəlində çıxışlar səslənib. O vaxt həmkarlar ittifaqları, sosial qruplar və solçular bu təklifi kəskin tənqid etdilər. Sosialist sol partiya bu ideyanı ümumiyyətlə “cəmiyyətə zidd cəfəngiyat” adlandırıb.
Hazırda Almaniyada 1967-ci ildən sonra doğulanlar üçün pensiya yaşını tədricən artıraraq 65-dən 67-yə çatdırmaq prosesi gedir. Bu həddin 70 yaşa çatdırılıb-çatdırılmayacağı yaxın vaxtlarda məlum olacaq.