9 C
Baku
Sunday, November 17, 2024

Ermənistanın güc strukturlarında aparılan islahatlar – Hökümətin Proqramında nələr var?

Ermənistan hökuməti güc strukturlarında ciddi dəyişikliklər həyata keçirməyi planlaşdırır və Paşinyan iqtidarı bu dəyişiklikləri ölkənin geosiyasi mövqeyini, təhlükəsizlik qayğılarını, daxili siyasi maraqlarını nəzərə alaraq reallaşdırmağa çalışır. Paşinyan hökumətinin konkret olaraq polis və orduda həyata keçirmək istədiyi islahatların iki başlıca məqsədini belə qeyd etmək olar: siyasi hakimiyyətini qorumaq və ölkənin müdafiə qabiliyyətini gücləndirməklə təhlükəsizliyinə nail olmaq. Hər iki məqsədini reallaşdırmaq üçün hökumət Ermənistanda və bütövlükdə qlobal müstəvidə maraqları toqquşan fərqli güc mərkəzləri (Qərb və Rusiya) ilə yaxından əməkdaşlıq edir. Bu əməkdaşlığın əsas istiqamətləri həm hökumətin praktik fəaliyyətində, həm də qəbul etdiyi sənədlərdə aydın ifadə olunur.

Ümumiyyətlə, təhlükəsizlik və müdafiə sahəsində həyata keçiriləcək islahatlar Ermənistanın bəzi hökumət qərarlarında qeyd olunub. Polis sahəsində həyata keçirilən islahatlar Ermənistan hökumətinin “2020-2022-ci illər üçün Ermənistan Respublikası Polisinin islahatlar strategiyası və ondan irəli gələn tədbirlər planı”nda və “2021- 2026-cı illər arasında Ermənistan Respublikası Hökumətinin Proqramı”nda öz əksini tapıb. Proqrama nəzər saldıqda və xüsusən də “2021-2026-cı illər arasında Ermənistan Respublikası Hökuməti Proqramının 2021-ci ildə icrasının nəticələri ilə bağlı hesabat”ın təhlili zamanı indiyədək həyata keçirilmiş və icrası nəzərdə tutulan islahatlar aşağıdakı kimi müəyyən edilib.

  1. Daxili təhlükəsizlik sahəsində
  • Fövqəladə Hallar Nazirliyi, Polis və Miqrasiya Xidmətinin bazasında Daxili İşlər Nazirliyi yaratmaq.
  • İctimai asayişi təmin etmək üçün yeni Patrul Xidməti ilə paralel olaraq, Əməliyyat İdarəetmə Mərkəzini yaratmaq. Qeyd edək ki, 2021-ci il iyunun 7-də İrəvan şəhərində yeni patrul alayının xidmətinə start verilib. Eyni zamanda, Loru və Şirak vilayətlərində də Patrul Xidməti fəaliyyətə başlayıb. Hökumət proqramına əsasən, patrul xidməti 2023-cü ilin sonuna qədər mərhələli şəkildə Ermənistanın bütün ərazisində fəaliyyət göstərəcək.
  • Polis işçilərinin sosial təminat məsələlərinin həlli istiqamətində tədbirlər görmək. Bu istiqamətdə ilk addım artıq atılıb. Belə ki, yeni yaradılmış patrul xidmətinin şəxsi heyətinin maaşları 30-50%-ə qədər artırılıb. 2024-2026-cı illər arasında isə ilk növbədə digər polis işçilərinin maaşlarının bərabərləşdirilməsi planlaşdırılıb.
  • 5-7 nəfəlik, tam ötürücülü “Sobol” və “Qazel” markalı avtomobil texnikalarının alınması nəzərdə tutulub. Eyni zamanda, hadisə yerinin tədqiq edilməsi üçün Çindən yardım məqsədilə 13 ədəd xüsusi texnika alınıb.
  • Polis Qoşunlarının və Dövlət Mühafizə Xidmətinin bazasında Milli Qvardiyanın yaradılması planlaşdırılıb. Qeyd edək ki, Milli Qvardiya birbaşa Baş nazirə tabe olmaqla, aşağıda qeyd edilmiş vəzifələri yerinə yetirəcək:

1. Dövlət protokolunda nəzərdə tutulmuş yüksək vəzifəli şəxslərin, habelə xarici nümayəndə heyətlərinin və nümayəndələrinin təhlükəsizliyinin təmin etmək.

2. Kütləvi iğtişaşların qarşısını almaq və dayandırmaq, antiterror tədbirləri həyata keçirmək, hərbi və fövqəladə vəziyyətin hüquqi rejimini təmin etmək, təbii fəlakətlər və ya texnogen qəzalar zamanı axtarış-xilasetmə işlərinin aparılmasına köməklik göstərmək.

3. Xüsusi yüklərin daşınmasının təhlükəsizliyini təmin etmək.

4. Zəruri hallarda ictimai asayişin qorunması, eləcə də mühüm obyektlərin və hökumət binalarının mühafizəsini təmin etmək.

Göründüyü kimi, Paşinyan hökuməti əsas güc strukturlarından biri olan polisin statusunu artırmağı, onu yeni səlahiyyətlər və strukturlarla daha da gücləndirməyi, bu sahəni siyasi hakimiyyətin bir hissəsinə çevirməyi daxili-inzibati siyasətinin prioritetlərindən biri kimi qəbul edib. Yeni yaradılacaq Daxili İşlər Nazirliyinə mülki şəxsin rəhbər təyin olunmasının nəzərdə tutulması bir tərəfdən Qərb standartlarına uyğun olaraq polis üzərində mülki nəzarətin təmin olunması kimi dəyərləndirilsə də, digər tərəfdən də Paşinyanın bu mühüm struktur üzərində nəzarətinin və təsir imkanlarının güclənməsinə xidmət edir.

Əvvəldə də qeyd etdiyimiz kimi, Paşinyan polisdə apardığı islahatlarda Qərblə yaxından əməkdaşlıq edir. Ermənistan Polisinin 2021-ci il və 2022-ci ilin 1-ci yarısına dair hesabatlarının təhlili zamanı həyata keçirilən islahatlarda Qərbin dəstəyi açıq-aşkar özünü büruzə verib. Belə ki, 2021-2022-ci illərdə yeni yaradılmış Patrul Xidmətinin qulluqçularına dərs demək üçün seçilmiş müəllim heyətinə ABŞ mütəxəssisləri tərəfindən onlayn kurslar keçirilib. Hesabat dövrü ərzində ABŞ hökuməti tərəfindən yerli təlimatçılara müəyyən kursların keçirilməsi və davamlı təlimlərin verilməsi məqsədilə ABŞ, Kanada, Ukrayna və Gürcüstandan olan beynəlxalq mütəxəssislər Ermənistana ezam edilib. Eyni zamanda, 2021-ci ildə ABŞ-ın müvafiq qurumlarının nümayəndələrinin iştirakı ilə Patrul Xidmətində vəzifələrə təyin olunmaq üçün taktiki hazırlıq kurslarına cəlb olunmuş şəxsi heyətə peşəkar hazırlıq kursları keçirilib. Bununla bağlı Ermənistanın Ədliyyə naziri Karen Andreasyan cari ilin iyul ayında parlamentdə çıxışı zamanı DİN-nin yaradılması prosesində beynəlxalq ekspertlərə, o cümlədən ABŞ və Aİ-dən olan tərəfdaşlara təşəkkürünü bildirib.

Onu da qeyd edək ki, son zamanlar Ermənistan mediasında hökumətin daxili təhlükəsizlik sahəsində həyata keçirdiyi islahatlar bir sıra müzakirələrə səbəb olub. Belə ki, bəzi ekspertlər Ermənistanda Daxili İşlər Nazirliyinin (DİN) və Baş nazirin tabeliyində olan Milli Qvardiyanın yaradılmasının heç bir əhəmiyyət daşımadığını, şəxsi maraqlar naminə atılmış addımlar olduğunu və bu proseslərə Qərbin fəal dəstək verdiyini ifadə edib. Daxili İşlər Nazirliyinin yaradılması ilə bağlı mətbuata açıqlama verən Ermənistan Polis rəisinin sabiq müavini general-mayor Qaqik Habradzumyan bildirib ki, hökumətin bu addımını hüquqi əsaslarla və məntiq çərçivəsində deyil, alçaqlıq prezumpsiyası əsasında şərh etmək lazımdır. O, əlavə edib ki, dəyişiklik formal xarakter daşıyır və Polis yalnız nəzəri cəhətdən Daxili İşlər Nazirinə tabe olacaq.

Hərbi ekspert Karen Vartanesyan isə 24TV-yə verdiyi müsahibədə indiyədək Ermənistanın heç bir rəhbərinin bu qədər ciddi mühafizə edilmədiyini və ən böyük kortejin Paşinayana aid olduğunu qeyd edib. Yaradılması planlaşdırılan Milli Qvardiyanı isə o, “Paşinyanın şəxsi ordusu” adlandırıb və bu addımın “hər şey bir ailəyə xidmət etməli” prinsipindən irəli gəldiyini vurğulayıb.

Bir vacib məqamı da qeyd etmək lazımdır ki, Ermənistanda son vaxtlar həyata keçirilən mitinqlər və aksiyalar zamanı polisin etirazçılara qarşı ifrat güc tətbiq etməsinə görə baş nazir tənqidçiləri tərəfindən günahlandırılıb. Bu nöqteyi-nəzərdən məsələyə yanaşsaq, demək olar ki, N.Paşinyanın DİN yaratmaqla böhran vəziyyətlərində məsuliyyətdən yayına bilmək və bütün “yükü” nazirin üzərinə qoymaq imkanı artacaq. Ona qarşı geniş etiraz dalğası yaranacağı təqdirdə isə Daxili İşləri nazirini qurban verə bilər.

  1. Müdafiə sahəsində

Ermənistanın hökumət qərarlarının araşdırılması və müdafiə sahəsində gedən proseslərin monitorinqi onu deməyə əsas verir ki, Ermənistan 44 günlük müharibədən sonra dövlət sərhədlərinin mühafizəsi və müdafiə sahəsində ciddi islahatlar aparmağı planlaşdırmış və artıq bu islahatlara başlamışdır. Bekə ki, “2021-2026-cı illər arasında Ermənistan Respublikası Hökuməti Proqramının 2021-ci ildə icrasının nəticələri ilə bağlı hesabat”a görə, Ermənistan müdafiə sahəsində aşağıda sadalanmış tədbirləri yerinə yetirib.

  • Silah və hərbi texnikanın modernləşdirilməsi məqsədilə Ermənistan Silahlı Qüvvələri helikopterlər, pilotsuz uçuş aparatları, reaktiv artilleriya, tank əleyhinə artilleriya, rabitə, istehkam, atıcı, hərbi topoqrafiya vasitələri, zirehli texnika, avtomobil texnikası, hava hücumundan müdafiə vasitələri, artilleriya radiolokasiya stansiyaları ilə təchiz edilib.
  • Müdafiə nazirliyinin informasiya təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər planı hazırlanaraq, təsdiq olunub.
  • Silahlı Qüvvələrin avtomatlaşdırılmış vahid idarəetmə sisteminin hazırlanması və tətbiqi çərçivəsində sistemin konsepti və yol xəritəsi təsdiq olunub.
  • Əsas istiqamətlərdə yerləşən döyüş postlarına videomüşahidə vasitələri yerləşdirilib. Eyni zamanda, yeni müdafiə zolağı tutmuş korpus, hərbi hissə, kəşfiyyat və hava hücumundan müdafiə qoşunlarının radioşəbəkələrinin təmin edilməsi məqsədilə yeni retranslyator stansiyaları quraşdırılıb.
  • Silahlı qüvvələrdə struktur və əsaslı islahatlar aparılaraq, korpus, birləşmə, hərbi hissə və bölmələrin strukturuna yenidən baxılıb. Qeyd edək ki, prosesin 1-ci mərhələsi 2021-2022-ci illəri, 2-ci mərhələsi isə 2023-2024-cü illəri əhatə edir. 1- ci mərhələdə artıq müəyyən işlər görülüb. Belə ki, Ermənistan Müdafiə Nazirliyinin tabeliyində olan alay səviyyəsindəki əksər hərbi hissələr briqadaya çevrilib. Habelə, 1-ci və 4-cü Ordu korpusları ləğv edilərək, əvəzində Sünik vilayətində Xüsusi Korpus yaradılıb.
  • Rusiya ilə Ermənistan arasında müdafiə sahəsində daha əvvəl bağlanmış müqavilələr əsasında Rusiyanın 102-ci hərbi bazasının imkanlarının artırılması davam etdirilib. Qeyd edək ki, 102-ci hərbi bazanın Sünik vilayətinin Sisian və Gorus şəhərlərində dayaq məntəqələri açılıb. Hazıda Tavuş vilayətinin Ayqepar və Voskepar kəndlərində də yeni dayaq məntəqələrinin açılması prosesi davam edir.

Bununla yanaşı, müdafiə sahəsində həyata keçirilməsi planlaşdırılan bir sıra məsələlər var ki, onların bilinməsi vacib hesab edilir. Bu tədbirlər, “2021-2026-cı illər arasında Ermənistan Respublikası Hökumətinin Proqramı”nda öz əksini tapıb.

  • 2023-cü ilə qədər regional müdafiəni idarəetmə orqanının yaradılması planlaşdırılıb. Bu orqan döyüş əməliyyatları zamanı ərazinin, əhalinin, infrastrukturun və əhəmiyyətli obyektlərin müdafiə sistemini təşkil edəcək.
  • 2024-cü ilə qədər Ermənistan Təhlükəsizlik Şurasına yeni hərbi doktrinanın layihəsi hazırlanaraq, təqdim ediləcək.
  • Tərkib hissələri də daxil olmaqla dövlətin vahid müdafiə planı hazırlanacaq (Rusiyalı mütəxəssislərin fikirlərini əsas götürməklə).
  • Silahlı Qüvvələrin müasir silahlarla təchiz edilməsi prosesi 2026-cı ilə qədər davam edəcək. Xüsusilə qoşunların kəşfiyyat imkanlarının və atəş gücünün artırılması nəzərdə tutulub.
  • Strateji perspektivdə Ermənistan tədricən peşəkar orduya keçəcək, müddətli və müqaviləli hərbi xidmətin strukturu əhəmiyyətli dərəcədə dəyişəcək.
  • Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq genişləndiriləcək, Rusiya-Ermənistan Birgə Qoşunlarının hərbi potensialının artırılmasına və iki ölkənin silahlı qüvvələri arasında maksimal əməkdaşlığın təmin edilməsinə xüsusi diqqət yetiriləcək.
  • Dövlət sərhədlərinin mühafizəsi sahəsinə gəldikdə isə, qeyd etmək lazımdır ki, Ermənistan hökuməti hazırda dövlət sərhədlərinin Ordu tərəfindən mühafizə edilən hissəsini gələcək perspektivdə Sərhəd Qoşunlarına təhvil verməyi planlaşdırıb. Habelə, Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının Ermənistanın dövlət sərhədlərinin mühafizəsi işində fəaliyyətlərinin genişləndirilməsini nəzərdə tutub. Bu proses Ermənistan hökumətinin 5 illik proqramında da öz əksini tapıb.
  • Ermənistanın cənub-qərb sərhədlərinin mühafizəsini gücləndirmək məqsədilə Sünik vilayətinin 8 yaşayış məntəqəsində Sərhəd Qoşunları üçün zastavaların tikintisinə başlanıb. 2021-ci il ərzində həyata keçirilən tikinti işlərinin 50% tamamlanıb. Hazırda işlər davam etdirilir. Eyni zamanda, Sərhəd Qoşunlarının şəxsi heyətinin sayı artırılıb, təşkilati və ştat-struktur dəyişiklikləri aparılıb, müvəqqəti sərhəd və müşahidə məntəqələri yaradılıb, sərhəd zolağında 55 panel və 51 ədəd modul tikili yerləşdirilib. Videomüşahidə cihazları quraşdırılıb, sərhəd mühafizə bölmələri PUA-lar, həmçinin yük, xüsusi təyinatlı və digər təyinatlı avtomobil texnikaları ilə təchiz edilib,
  • Kibermühitdə və informasiya təhlükəsizliyi çərçivəsində şəbəkə təhlükəsizliyini təmin etmək üçün yeni texniki-proqram vasitələri tətbiq edilib.

Nəticə

Beləliklə, İkinci Qarabağ Müharibəsindən sonra ölkə ətrafında və daxilində formalaşmış reallıqlar Paşinyan hökumətinin təhlükəsizlik siyasətində bir sıra vacib məqamları nəzərə almağa vadar edir. İlk növbədə, Qarabağ müharibəsində uğradığı ağır məğlubiyyətdən sonra ölkə daxilində dərin siyasi böhranın yaranması və bu böhranın artıb-azalaraq permanent xarakter daşıması, bəlli kənar güc mərkəzinə bağlı olan və kifayət qədər resurslara malik revanşist-radikal qüvvələrin fəallaşması hakim siyasi elitada “özünüqoruma instinktini” xeyli gücləndirmişdir. Paşinyanın güc strukturlarında islahatlar aparmaq istəyinin meydana gəlməsində məhz hakimiyyəti itirmək qorxusu böyük rol oynamışdır.

Üç dövlət orqanının (Fövqəladə Hallar Nazirliyi, Polis və Miqrasiya Xidməti) bazasında Daxili İşlər Nazirliyinin yaradılması və bu nazirliyin tərkibində yeni strukturların formalaşdırılması da Paşinyan iqtidarının qeyd etdiyimiz məqsədinə xidmət edir. Belə bir nazirliyin yaradılması Paşinyana polis üzərində nəzarəti artırmağa imkan verməklə, onun ölkə daxilində mövqeyinin güclənməsinə mühüm təsir göstərəcək.

Milli Qvardiyanın əlahiddə və birbaşa baş nazirə tabe olan müstəqil bir güc strukturu kimi yaradılması Paşinyana kütləvi aksiyaların, iğtişaşların qarşının effektiv alınmasında geniş imkanlar verəcək.

İkinci Qarabağ Müharibəsindən sonra hökumətə qarşı keçirilən fasiləsiz kütləvi aksiyalar iqtidarı narahat edən əsas siyasi hadisələrdən sayılmalıdır və Milli Qvardiyanın yaradılması ilə bağlı verilən qərarın qəbulunda bu narahatlıq ciddi rol oynamışdır. Bu prosesdə diqqət yetirilməli məqamlardan biri də Qərbin Paşinyan hökumətinin polisdə, güc strukturlarında həyata keçirdiyi islahatlara verdiyi dəstəkdir. Qərbin bu prosesdə Paşinyan hökumətinə verdiyi dəstək bir daha onların mövcud erməni iqtidarının davamlılığnda və möhkəmlənməsində maraqlı olduğunu təsdiq edir. İkinci Qarabağ Müharibəsindən sonra Ermənistan hökumətinin müdafiə siyasətinin əsas komponentlərini belə sıralamaq olar: silahlı qüvvələrin yeni silahlarla, texniki və nəqliyyat vasitələri ilə təmin edilməsi, kiber təhlükəsizliyə ciddi önəm verilməsi, struktur dəyişiklikləri, Rusiyanın Ermənistandakı 102-ci hərbi bazasının ölkə ərazisində yeni dayaq məntəqələrinin yaradılması, yeni hərbi doktrinanın və dövlətin vahid müdafiə planının qəbul edilməsinin nəzərdə tutulması, Sərhəd Qoşunlarının ölkənin müdafiəsində rolunun artırılması, Rusiya Sərhəd Qoşunlarının ölkədə fəaliyyətinin genişləndirilməsi, perspektivdə peşəkar orduya keçilməsinin planlaşdırılması və nəhayət, Rusiya ilə əməkdaşlığın artırılması.

Ölkənin müdafiə siyasətinin əsas istiqamətləri “2021-2026-cı illər arasında Ermənistan Respublikası Hökumətinin Proqramı”nda bəyan olunub və nəzərdə tutulan tədbirlərin bir hissəsi artıq görülüb. Ermənistan hökumətinin silahlı qüvvələrdə apardığı və yaxud aparmağa hazırlaşdığı islahatlara nəzər saldıqda, görmək olar ki, Rusiya bu ölkənin müdafiə strategiyasında əsas rol oynamaqda davam edir.

 

Son xəbərlər
Digər xəbərlər