Rusiya prezidenti Vladimir Putin Ukraynadakı müharibənin məqsədlərini dəyişmək məcburiyyətində qalacaq. Çünki hərbi məğlubiyyət və resursların çatışmazlığı Rusiyanın Kremlin ilkin niyyətlərinə nail ola bilmədiyini sübut edir.
Bunu Pentaqonun kəşfiyyat rəhbəri general-leytenant Skott Berrier bildirib.
“İndi biz o yerə çatmışıq ki, fikrimcə, Putin öz “əməliyyatı”nın məqsədlərini yenidən nəzərdən keçirməli olacaq. Çünki indi tamamilə aydındır ki, o, əvvəllər etmək niyyətində olduğu planı həyata keçirməyə qadir deyil”, – Berrier deyib.
Pentaqon rəsmisi xatırladıb ki, Putin fevralın 24-də Kiyevi işğal etmək və qərbyönlü hökuməti devirmək məqsədi ilə Ukraynaya hücum edib. Halbuki, altı ay davam edən döyüşlərdən sonra Ukrayna qoşunları işğalçıları Xarkovdan qovmağa müvəffəq olub və onları hətta Rusiya ərazisinə qaçmağa məcbur edib.
“Ruslar mütləq işğal planlaşdırırdılar və bu, onları geri saldı”,- deyən Berrier Putinin Rusiyada ümumi səfərbərlik istəmədiyini bildirib.