6 C
Baku
Monday, December 16, 2024

Kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları ilə bağlı qayda təsdiqlənib

Nazirlər Kabineti “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası”ni təsdiq edib.

Banker.az həmin Qaydadan çıxarışı təqdim edir:

2.1. Təyinatı üzrə istifadə edilən kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakı meyarlar əsasında müəyyən edilir:

2.1.1. torpaqların bitkiçilik məhsullarının istehsalı üçün əkin və ya çoxillik əkmələrin altında olması və yaxud dincə qoyulması;

2.1.2. torpaqlardan heyvandarlığın təşkili və inkişafı üçün biçənək, örüş, yay və qış otlağı kimi istifadə edilməsi;

2.1.3. torpaqların meşə zolaqlarının, bataqlıqların, sututarların (su fondu torpaqları istisna olmaqla) altında olması;

2.1.4. torpaqlardan kənd təsərrüfatı sahəsində elmi tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədlərinə istifadə edilməsi üçün nəzərdə tutulan müvafiq ekoloji və texniki tələblərə uyğun quraşdırılmış kommunikasiyalar, müvəqqəti tikililər və qurğuların altında olması.

2.2. Təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar aşağıdakı meyarlar əsasında müəyyən edilir:

2.2.1. torpaqların radioaktiv və kimyəvi çirklənməyə məruz qaldığı üçün Torpaq Məcəlləsi ilə müəyyən olunmuş qaydada kənd təsərrüfatı dövriyyəsindən çıxarılaraq istifadə edilməməsi;

2.2.2. torpaqların ekzogen geoloji proseslərə (sürüşmə, sel, aşınma, uçqun, tökülmə, eroziya, deflyasiya, eol, bataqlaşma, yarğan və s.) məruz qaldığı üçün Torpaq Məcəlləsi ilə müəyyən olunmuş qaydada təsərrüfat fəaliyyəti dövriyyəsindən çıxarılaraq istifadə edilməməsi;

2.2.3. suvarılan torpaqların deqradasiyasına (şorlaşma, şorakətləşmə, eroziya, bataqlıqlaşma və s.) qarşı mübarizə məqsədilə torpaqların münbitliyinin artırılması istiqamətində həyata keçirilən meliorativ tədbirlərlə bağlı həmin torpaqlardan istifadə edilməməsi;

2.2.4. torpaqların suvarma şəbəkəsi və suvarma suyu ilə təmin olunmadığından onların istifadə edilməməsi;

2.2.5. Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin (minalardan təmizləmə yekunlaşanadək) istifadə edilməməsi;

2.2.6. iqlim dəyişiklikləri və torpağın keyfiyyət və kəmiyyət göstəricilərinə təsir edən digər amillər nəticəsində torpaqların bitki örtüyünün deqradasiyası səbəbindən onlardan istifadə edilməməsi.

3. Təyinatı üzrə istifadə edilən və təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi qaydası

3.1. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlar barədə məlumatların toplanması, onlara dair arayışın formalaşdırılması və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə və müvafiq bələdiyyəyə ötürülməsi məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi (bundan sonra – Nazirlik) tərəfindən Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (bundan sonra – EKTİS) tərkibində kənd təsərrüfatı təyinatlı torpaqların istifadəsinə dair “Kənd təsərrüfatı torpaqlarının istifadəsi” altsistemi yaradılır.

3.2. Torpaq istifadəçilərinin və aidiyyəti dövlət orqanlarının (qurumlarının) kənd təsərrüfatı təyinatlı torpaqlar barədə məlumatları EKTİS-ə daxil edilir və EKTİS-dən əldə etməsi üçün onların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə EKTİS-ə real vaxt rejimində məhdudiyyətsiz və fasiləsiz çıxışı təmin edilir.

3.3. EKTİS-də kənd təsərrüfatı təyinatlı torpaqlar barədə bu Qayda ilə müəyyən edilən meyarlar üzrə məlumatların toplanması aşağıdakı qaydada həyata keçirilir:

3.3.1. bu Qaydanın 2.1.1–2.1.4-cü yarımbəndləri üzrə məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 23 dekabr tarixli 897 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”nin 5.1-ci bəndinə əsasən EKTİS-ə inteqrasiya olunur və müntəzəm yenilənən peyk çəkilişləri, arxiv ortofotoplanları, müxtəlif layihələr üzrə vektor məlumatları, dron müşahidələri və s. vizual məlumatlar vasitəsilə dəqiqləşdirilir;

3.3.2. bu Qaydanın 2.2.1-ci yarımbəndində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən real vaxt rejimində EKTİS-ə ötürülür;

3.3.3. bu Qaydanın 2.2.2–2.2.4-cü (2.2.3-cü və 2.2.4-cü yarımbəndlərdə su ilə əlaqəli məlumatlar) yarımbəndlərində nəzərdə 6 tutulan məlumatlar torpaq istifadəçilərinin müraciətlərinin yerində yoxlanılması və ya “Elektron su təsərrüfatı” informasiya sistemindən real vaxt rejimində EKTİS-ə inteqrasiya olunur;

3.3.4. bu Qaydanın 2.2.2-ci (bu Qaydanın 3.3.3-cü yarımbəndi nəzərə alınmaqla) və 2.2.6-cı yarımbəndlərində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən real vaxt rejimində EKTİS-ə ötürülür;

3.3.5. bu Qaydanın 2.2.3-cü yarımbəndində (bu Qaydanın 3.3.3-cü yarımbəndi nəzərə alınmaqla) nəzərdə tutulan məlumatlar istifadəçilərin təqdim etdiyi torpağın aqrokimyəvi analizi və görüləcək tədbirlər barədə plana əsasən EKTİS-ə daxil edilir;

3.3.6. bu Qaydanın 2.2.5-ci yarımbəndində nəzərdə tutulan məlumatlar Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırılmaqla, Nazirlik tərəfindən EKTİS-ə daxil edilir və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən həmin məlumatlarda dəyişiklik edilməsi barədə məlumat verilənədək sabit məlumat kimi nəzərə alınır.

3.4. Bu Qaydaya uyğun olaraq EKTİS-ə daxil edilən məlumatlar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması Qaydası” ilə müəyyən edilən müddətlərdə istifadəçilərin təqdim etdikləri elektron bəyannaməyə əsasən hər il yenilənir.

3.5. Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqlara torpaq vergisinin hesablanması məqsədilə hazırlanan arayışlar Nazirliyin müəyyən etdiyi formada EKTİS-də elektron qaydada formalaşdırılır, SMS, elektron poçt və ya bilavasitə EKTİS vasitəsilə fermerləri məlumatlandırmaqla onların şəxsi kabinetinə göndərilir.

3.6. Bu Qaydanın 3.5-ci bəndində qeyd olunan arayışda torpaq mülkiyyətçisinin və ya istifadəçisinin (icarəçisinin) əlaqə vasitəsi, şəxsiyyətini təsdiq edən sənədin rekvizitləri (vergi ödəyicisi olduğu halda vergi ödəyicisinin eyniləşdirmə nömrəsi), torpaq sahəsinin ölçüsü, mülkiyyət növü, yerləşdiyi ərazi, məqsədli təyinatı və bu Qaydanın 2.2.1–2.2.6-cı yarımbəndləri ilə müəyyən edilmiş meyarlara əsasən istifadə edilməməsi səbəbləri barədə məlumatlar qeyd edilməlidir. 7 3.7. Torpağın mülkiyyətçisi, istifadəçisi və ya icarəçisi bu Qaydanın 3.5-ci bəndinə nəzərdə tutulan arayışla razı olmadıqda inzibati qaydada və (və ya) məhkəməyə şikayət verə bilər.

 

Son xəbərlər
Digər xəbərlər