9 C
Baku
Thursday, December 12, 2024

Rusiyada səfərbərlik əleyhinə ümumxalq mitinqi elan olunub

Müharibə əleyhdarları qismən səfərbərliyə qarşı ümum-Rusiya mitinqi elan ediblər.

Etiraz aksiyalarının təşkilatçısı “Vesna” Gənclər Hərəkatıdır.

Fəallar vətəndaşları bu gün, sentyabrın 21-də Moskva vaxtı ilə 19:00-da (Bakı vaxtilə 20.00-da) yaşadıqları şəhərlərin mərkəzində toplaşmağa çağırıb. Onlar aksiyanı “Məzarlaşmağa yox” adlandırıblar.

“Minlərlə Rusiya kişisi – atalarımız, qardaşlarımız və ərlərimiz müharibənin ətçəkən maşınlarına atılacaq. Nə üçün öləcəklər? Analar və uşaqlar niyə göz yaşı tökəcək? Putinin sarayı üçün?

İndi müharibə, həqiqətən, hər evə, hər ailəyə gələcək. Hakimiyyət deyirdi ki, ancaq “peşəkarlar” döyüşür və onlar qalib gələcəklər. Məlum oldu ki, onlar qalib gəlmirlər və məhbuslar cəbhəyə cəlb olunmağa başlayıb. İndi də səfərbərlik elan olunub.

Beləliklə, vəziyyət son dərəcə ağırdır. Müharibə artıq “orada” deyil – ölkəmizə, evlərimizə gəlib, qohumlarımız üçün gəlib. Beləliklə, onlar Rusiyanı dəhşətli qırğınlara, təcridə və yoxsulluğa sürükləyən Putin rejiminin səhvlərini düzəltmək üçün ölməlidirlər.

Hər gün səfərbərliyə ehtiyac olduğunu deyən deputatlar, məmurlar sağ-salamat isti kreslolarında qalacaqlar. Hesab edirik ki, onları səfərbər etmək və Ukraynaya göndərmək lazımdır – qoy xəstə fantaziyaları üçün ölsünlər və adi oğlanları ölümə göndərməsinlər”, – hərəkatın bəyanatında vurğulanıb.

Qeyd edək ki, “Vesna” Gənc Demokratik Hərəkatı 2013-cü ildə Sankt-Peterburqda “Gənc Yabloko”, “Oborona” və “Solidarnost” gənclər təşkilatlarının birləşməsi nəticəsində yaradılıb.

Rusiya Prezidenti Vladimir Putin bu gün xalqa müraciətində ölkədə qismən səfərbərlik elan olunduğunu açıqlayıb. Rusiyanın müdafiə naziri ordu generalı Sergey Şoyqu isə ehtiyatda olan 300 min nəfərin qismən səfərbərlik çərçivəsində orduya çağırılacağını bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər