Çinin Honkonq xüsusi inzibati ərazisində COVID-19 pandemiyası ilə əlaqədar xaricdən gələnlər üçün tətbiq edilən məcburi otel karantini ləğv edilib.
Bu barədə ərazinin hökumət rəhbəri Con Li Ka-çiu açıqlama verib. Bundan sonra COVID-19 testi neqativ olan xaricdən gələn insanlar 3 gün oteldə qalmaq əvəzinə sadəcə 3 gün evdə sağlamlıq vəziyyətini nəzarətdə saxlamalı olacaqlar. Onlar bu müddətdə sağlamlıq vəziyyətinə dair dəyişiklikləri sahə həkiminə bildirməli və 3 dəfə sürətli antigen testi etməlidirlər. Yeni qərara əsasən, xaricdən Honkonqa gələnlər uçuşdan 48 saat əvvəl PZR testi vermək məcburiyyətindən azad edilir. Onlar uçuşdan 24 saat əvvəl sürətli antigen testi verməklə kifayətlənəcəklər.
Honkonq xaricdən gələnlər üçün bir həfətlik məcburi otel karantin rejimini avqustun 12-də 3 gün otel karantini + 4 gün evdə özünənəzarət rejimi ilə əvəzləmişdi. Özünənəzarət dövründə olanların ictimai məkanlara girişinə qadağa tətbiq olunur.
Qeyd edək ki, pandemiya başlayandan bəri Çinin materik hissəsi, eləcə də Honkonq xüsusi inzibati ərazisi xaricdən gələnlər üçün məcburi otel karantini rejimini tətbiq edir. Çinin materik hissəsində məcburi otel karantinin müddəti müəyyən vaxtlarda hətta 28 günə çatıb. Hazırda isə bu müddət 7-10 gün arasında dəyişir.