Azərbaycan və Sinqapur arasında gəlirə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında saziş layihəsi üzrə danışıqlar aparılıb.
Bbanker.az xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata əsasən, danışıqlarda Azərbaycan tərəfindən Dövlət Vergi Xidmətinin və Maliyyə Nazirliyinin, Sinqapur tərəfindən isə Daxili Gəlir İdarəsinin ekspertləri iştirak ediblər. Müzakirələr Sinqapur şəhərində keçirilib. Saziş imzalanacağı təqdirdə, hər iki ölkənin sərmayəçilərinə əlverişli şərait yaranacağı və məlumat mübadiləsi üzrə effektiv münasibətlərin formalaşacağı vurğulanıb.
Müzakirələr qarşılıqlı anlaşılma şəraitində keçib, hər iki tərəf açıq qalan müddəaların tez bir zamanda razılaşdırılması istiqamətində səylərin göstərilməsi barədə razılığa gəliblər.