Yaponiya Nazirlər Kabinetinin baş katibi Hirokazu Matsuno bildirib ki, Vladivostok şəhərindəki konsul Motoki Tatsunori sentyabrın 28-dək Rusiyanı tərk edəcək.
Bu barədə TASS məlumat yayıb.
“Prioritet olan təhlükəsizlik nöqteyi-nəzərindən onun sentyabrın 28-dək Rusiyanı tərk etməsi planlaşdırılır”, – Nazirlər Kabinetinin baş katibi deyib.
Rusiya tərəfinin iddiasına görə, Tatsunori iki gün əvvəl məxfi məlumat alarkən saxlanılıb. Bu məlumatın konkret nədən ibarət olması barədə konkret məlumat yoxdur, lakin Rusiyanın Federal Təhlükəsizlik Xidməti bildirib ki, söhbət ölkənin Asiya-Sakit okean regionu ölkələrindən biri ilə əməkdaşlığından gedir.
Öz növbəsində, Rusiya Xarici İşlər Nazirliyi onu “persona non-qrata” (arzuolunmaz şəxs-red) elan edib və 48 saat ərzində ölkədən çıxması barədə göstəriş verib.
Yaponiya isə buna etiraz edərək, Rusiyanın Tokiodakı səfiri Mixail Qaluzini Xarici İşlər Nazirliyinə çağırıb.
Tatsunori artıq sərbəst buraxılıb.