Bu ilin avqust ayına olan göstəricilərə əsasən, Azərbaycanın könüllü əmlak sığortası bazarında yığımlar illik müqayisədə 18% artaraq 120 mln. 874.4 min manat, ödənişlər isə 15.6% azalaraq 12 mln. 486.1 min manat təşkil edib.
Banker.az bu barədə Azərbaycan Mərkəzi Bankının hesabatına istinadən xəbər verir.
Yığımların 83.8%-i, ödənişlərin 99.4%-i əmlakın sığortasının payına düşür.
Hesabat dövründə əmlakın yanğından və digər risklərdən sığortası üzrə yığımlar illik müqayisədə 13.1% artaraq 37 mln. 947.4 min manata çatıb. Bu sahədə ödənişlərdə isə 1 mln. 112.5 min manat təşkil edir ki, bu da ötən ilin avqust göstəricilərinə nisbətən 2.8 dəfə azalma deməkdir.
Avtonəqliyyat vasitələrinin könüllü sığortasında yığımlar 26 mln. 527.5 min manat, ödənişlər 10 mln. 824 min manatd təşkil edir. Bu göstəricilər ötən ilin avqust ayı ilə müqayisədə müvafiq olaraq 3.7% və 10.3% artıb.
Hava nəqliyyatı vasitələrinin könüllü sığortası üzrə yığımlarda kəskin artım, ödənişlərdə kəskin azalma müşahidə olunur. Belə ki, bu sahədə sığorta haqları illik müqayisədə 48.2% artıb (21 mln. 263.6 min manat), sığorta ödənişləri isə 96.4% azalıb (40.8 min manat).
Mülki məsuliyyətin sığortası, kredit sığortası, qarışıq maliyyə risklərinin sığortası da könüllü əmlak sığortasında kiçik də olsa paya sahibdir.