“Şimal axını-1” və “Şimal axını-2” təbii qaz boru kəmərlərində meydana gələn sızmalar çox güman ki, əvvəlcədən planlaşdırılmış addımlar nəticəsində yaranıb.
Bu fikirlər İsveçin Baş naziri Maqdalena Andersson, xarici işlər naziri Ann Linde və müdafiə naziri Piter Hultkvistin birgə keçirdiyi mətbuat konfransında səsləndirilib.
Konfransda partlayışların qəsdən törədildiyini iddia edən hökumət üzvləri təhlükəsizlik vəziyyətini nəzərə alaraq hadisənin ciddiliyini diqqətə çatdırıblar.
M.Andersson qeyd edib ki, mövcud vəziyyətlə əlaqədar İsveç Danimarka, Almaniya, Norveç, Finlandiya və ABŞ, həmçinin Aİ, NATO ilə sıx əlaqə saxlayır.
“Mən təhlükəsizlik siyasəti üzrə hökumət şurasını yığacağam və İsveçin müvafiq orqanları bütün lazımi tədbirləri görəcək. İsveç Polis Departamenti də mümkün təxribatla bağlı ilkin araşdırmalara başlayıb. Eyni zamanda vurğulamaq istəyirəm ki, bu, İsveçə qarşı hücum deyil. Partlayışlar İsveçdə deyil, bizim iqtisadi zonamızda baş verib”, – deyə Maqdalena Andersson bildirib.
Baş nazir həmçinin İsveç xalqını ayıq-sayıq olmağa, etibarlı mənbələrdən məlumat almağa və İsveç silahlı qüvvələrinin fəaliyyəti ilə bağlı məlumat yaymamağa çağırıb.