10 C
Baku
Wednesday, December 11, 2024

Ermənistan silahlı qüvvələrinin Azərbaycandan çıxarılmasının zəruriliyi vurğulandı

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov 2 oktyabr 2022-ci il tarixində Cenevrədə Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyanla ikitərəfli görüşdə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının zəruriliyini vurğulayıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, görüş, 31 avqust 2022-ci il tarixində Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə keçirilmiş görüşün nəticəsində xarici işlər nazirlərinə sülh müqaviləsinin mətninin hazırlanması barədə verilmiş tapşırığa uyğun olaraq təşkil edilib.

Ceyhun Bayramov səylərin post-münaqişə dövründə Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsinə və sülh müqaviləsinin imzalanmasına yönəldilməsinin əhəmiyyətli olduğunu vurğulayıb. Nazir bu xüsusda, tərəfimizdən təklif olunmuş beş baza prinsipləri əsasında müqavilənin elementlərini detallı şəkildə Ermənistan tərəfinin diqqətinə çatdırıb.

Görüş zamanı, delimitasiya olunmamış sərhəddə baş vermiş gərginliyi nəzərə alaraq, delimitasiya üzrə ikitərəfli komissiyanın növbəti iclasının əvvəlcədən razılaşdırıldığı kimi cari ilin noyabr ayında deyil, oktyabr ayında keçirilməsi Azərbaycan tərəfindən təklif olunub.

Ceyhun Bayramov, Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli bəyanatlara və liderlər arasında əldə edilmiş razılıqlara uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının, Baş nazirlərin müavinlərinin rəhbərliyi ilə üçtərəfli komissiya çərçivəsində əldə olunmuş ilkin razılaşmalar əsasında nəqliyyat-kommunikasiya xəttlərinin qısa müddətdə açılmasının, delimitasiya üzrə işdə irəliləyiş əldə edilməsinin zəruriliyini vurğulayıb.

Humanitar məsələlərə toxunan nazir, o cümlədən, 4 000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini, Ermənistan tərəfinin Azərbaycan ərazisində çoxsaylı faciəvi itkilərə səbəb olan minalar yerləşdirməkdə davam etməsinin qəbuledilməzliyini, bunun Üçtərəfli bəyanat üzrə Ermənistanın öhdəliklərinin kobud pozuntusu və hərbi cinayət olduğunu diqqətə çatdırıb.

Ceyhun Bayramov Azərbaycanın bölgədə sülh və sabitliyin təmin olunmasına sadiq olduğunu və sülh müqaviləsinin imzalanmasına hazırlığını bir daha ifadə edib. Bu istiqamətdə müzakirələrin davam etdirilməsinə dair razılıq əldə olunub.

Son xəbərlər
Digər xəbərlər