Yaponiya Şimali Koreyanın son raket sınağından sonra təhlükəsizlik tədbirlərini gücləndirməyi və bu ölkəni daha diqqətlə saxlamağı planlaşdırır. Həmçinin, ABŞ və digər ölkələrlə bu sahədə əməkdaşlığın möhkəmləndirilməsi nəzərdə tutulur.
Bu fikirləri Yaponiyanın Baş naziri Fumio Kişida oktyabrın 4-də axşam saatlarında ABŞ Prezidenti Co Baydenlə keçirdiyi telefon danışığından sonra jurnalistlərə açıqlamasında bildirib. Baş nazir qeyd edib ki, telefon danışığı zamanı ikitərəfli ittifaqın təhlükəsizlik sahəsində əlaqələrinin daha da gücləndirilməsi barədə razılıq əldə edilib.
F.Kişida, həmçinin Yaponiyanın məsələ ilə bağlı beynəlxalq ictimaiyyətə qəti çağırışla müraciət edəcəyini, BMT və əlaqədar ölkələrlə işi davam etdirəcəyini də bildirib.
Xatırladaq ki, Şimali Koreyanın oktyabrın 4-də səhər saatlarında buraxdığı ballistik raket Yaponiyanın şimalında yerləşən Aomori prefekturasının üzərindən uçaraq Sakit okeana düşüb. Bu, Şimali Koreyanın 2017-ci ilin sentyabrından bəri Yaponiya üzərindən buraxdığı ilk raketdir. Raketin təqribən 1000 kilometr yüksəklikdə uçduğu və 4600 kilometr məsafəni qət etdiyi bildirilir. Yaponiya Müdafiə Nazirliyinin məlumatına görə, bu, Şimali Koreya raketi üçün rekord göstəricidir.
Yaponiyanın Şimali Koreya tərəfindən növbəti təxribatlara hazırlaşdığı qeyd edilir. Belə ki, Pxenyanın yaxın vaxtlarda nüvə sınağına hazırlaşdığı barədə məlumatlar da yayılmaqdadır.
Qeyd edilir ki, Yaponiya hökuməti Şimali Koreyanın nüvə və raket proqramlarında əldə etdiyi irəliləyişin qarşısını almaq üçün ölkənin müdafiə qabiliyyətinin ciddi şəkildə möhkəmləndirilməsini planlaşdırır. Əks hücum vasitələrinin əldə edilməsi də nəzərdə tutulur.