Azərbaycanın Türkiyədəki sərmayəsinin həcmi 21 milyard dollara çatıb.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov İstanbulda keçirilən Azərbaycan-Türkiyə II Enerji Forumunun açılışında çıxışı zamanı deyib.
O, bu forumun Azərbaycan-Türkiyə müttəfiqliyinin enerji sahəsində əməkdaşlığın daha da dərinləşməsinin göstəricisi olduğunu qeyd edib. Nazir Azərbaycan və Türkiyənin geostrateji rolunun da artdığını bildirib.
“BTC, BTƏ, TAP, Tanap və ümumilikdə Cənub Qaz Dəhlisi dünyanın enerji xəritəsinə qazandırdığımız diversifikasiya nümunəsidir. Azərbaycan və Türkiyə enerji təhlükəsizliyinin davamlı təminatına can atan önəmli ölkə oldular. TAP və TANAP-ın genişləndirilməsi də nəzərdə tutulub. Digər vacib nəaliyyətimiz isə Türkiyənin İğdır bölgəsindən Naxçıvana təbii qazın tədarükü olacaq”, – deyə o bildirib.
P. Şahbazov əlavə edib ki, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycan elektrik enerjisini Türkiyəyə tədarük edə, oradan isə Avropaya ötürə bilər.