“Azərbaycan və Türkiyə münasibətləri ölkələrimizin Prezidentlərinin səyləri nəticəsində hər sahədə, xüsusən də enerji sahəsində genişlənməyə davam edir”.
Bu barədə SOCAR-ın prezidenti Rövşən Nəcəf İstanbulda keçirilən Azərbaycan-Türkiyə II Enerji Forumunun açılışında çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan və Türkiyə arasındakı əməkdaşlıq bölgənin mənzərəsini dəyişməklə birlikdə, iki ölkəni Avrasiyada enerji təhlükəsizliyinin təminatının önəmli aktorlarına çevirib:
“Avropada yaşanan enerji böhranı fonunda TAP, TANAP və Cənubi Qaz Dəhlizinin əhəmiyyəti artıb. Biz 2027-ci ilədək Cənub Qaz Dəhlizi vasitəsi ilə tədarük edilən təbii qazın həcminin ən azı iki dəfə artırılmasını planlaşdırırıq”.
R. Nəcəf əlavə edib ki, bütün bu layihələr nəhəng sərmayələr tələb edir və SOCAR qardaş ölkəyə sərmayə yatırmağı davam etdirəcək. Bundan əlavə, R.Nəcəf iki ölkə arasında və üçüncü ölkələrinin iştirakı ilə qaz və neft sahəsindəki əməkdaşlığın potensialının böyük olduğunu vurğulayıb.