9 C
Baku
Thursday, December 12, 2024

Ukrayna Kuril adalarını Yaponiya ərazisi kimi tanıyıb

Ukrayna Rusiyanın Kuril adalarını rəsmən Yaponiya ərazisi kimi tanıyıb.

Qərarı Ali Radanın 287 deputatı dəstəkləyib.

Ukrayna parlamenti həmçinin beynəlxalq ictimaiyyəti Yaponiyanın şimal ərazilərinin hüquqi statusu ilə bağlı tədbirləri davam etdirməyə çağırıb.

Qeyd edək ki, Yaponiya Kuril zəncirinin dörd cənub adasına – İturup, Şikotan, Kunaşir və Habomaiyə İkinci Dünya müharibəsinin sonundan, yəni Sovet İttifaqı tərəfindən ilhaq edildikdən bəri iddia edir. 1956-cı ildə rəsmi Moskva və Tokio hərbi əməliyyatların dayandırılması haqqında bəyannamə imzalayıblar, lakin sülh müqaviləsi heç vaxt bağlanmayıb.

Yaponiya diplomatları 2003-cü ilə qədər adaları rəsmi olaraq “qanunsuz işğal edilmiş”, 2012-ci ilə qədər isə “dədə-baba torpaqları” adlandırırdı. 2012-ci ildən hökumət Rusiya ilə kompromis əldə etmək ümidi ilə bu cür dildən yayınıb.

Yaponiya 1956-cı il Adalar Bəyannaməsinə qayıtmağa hazır idi. Həmin sənəddə SSRİ iki ölkə arasında sülh müqaviləsi imzalandıqdan sonra Habomai və Şikotan adalarının Yaponiyaya qaytarılmasına razılıq verib. 2019-cu ildə Yaponiyanın Baş naziri Sindzo Abe Kuril adaları ilə bağlı məsələyə son qoyacağına and içdiyini deyib. Lakin onun dövründəki danışıqlar heç bir nəticə verməyib.

Fevralın sonunda Yaponiya Xarici İşlər Nazirliyinin departament direktoru Cənubi Kuril adalarının işğal olunduğunu bildirib. Daha sonra Yaponiyanın xarici işlər naziri Yosimasa Hayasi parlamentdəki çıxışında həmin bölgəni “əzəli yapon ərazisi” adlandırıb. O, ayrıca mətbuat konfransında adaların “qanunsuz işğal olunduğunu” vurğulayıb. Bundan sonra rəsmi Moskva martın 21-də sülh danışıqlarını dayandırdığını açıqlayıb.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər