Avropa Komissiyası (AK) Rusiyaya qarşı sanksiyalara məruz qalan aktivlərin müsadirə edilməsinə və onlardan Ukraynanın bərpası üçün istifadə edilməsinə imkan verən qanun layihəsi üzərində işləyir.
Bu barədə “Bloomberg” məlumat yayıb.
Məlumatına görə, qaydalara əsasən, sanksiyalara məruz qalan aktivlər hazırda dondurulur ki, bu da onların istifadəsini çətinləşdirir. Bununla əlaqədar olaraq, AK artıq çirkli pulların yuyulması və korrupsiyanın da daxil olduğu cinayətlər siyahısını Aİ sanksiyalarının pozulmasını da əhatə etməklə genişləndirmək yolu ilə Aİ ölkələrinin səlahiyyətlərini artırmağı planlaşdırır.
Bundan əvvəl Polşanın Baş naziri Mateuş Moravetski Aİ-də dondurulmuş Rusiya aktivlərinin təkcə Ukraynaya deyil, həm də Polşaya və digər Aİ ölkələrinə göndərilməsini təklif etmişdi.
Bundan başqa, daha öncə Avropa komissarı Didye Reynders bildirmişdi ki, Avropa İttifaqı və G7 ölkələri Rusiyadan olan sahibkarların 30 milyard avroluq aktivlərini dondurub.